Milli Məclisin İnsan Hüquqları Komitəsinin payız sessiyasının ilk iclası keçiirilib. Millət vəkilləri əvvəlcə ötən sessiyada görülən işlərə müsbət qiymət verərək, qarşıdakı dövrlə bağlı mühüm təklif və ideyalarını səsləndiriblər. Xüsusilə, Bakı şəhərində nəqliyyatın hərəkəti və tıxac problemi ətrafında müvafiq nazirliklərlə birgə tədbirlərin həyata keçiriliməsinin vacibliyindən danışılıb.
Çıxışlara münasibət bildirən Milli Məclisin Komitə sədri Zahid Oruc qaldırılan məsələlərin təkcə ictimai, sosial deyil, həm də iqtisadi xarakterini daha geniş aspektdən qiymətləndirməyə çalışıb, tıxac probleminə münasibətdə peşəkar təhlillərə və araşdırmalara ehtiyac olduğunu vurğulayıb.
O qeyd edib ki, nəqliyyatın intellektual idarə olunması tənzimləmə baxımından uğurlu nəticələr verə bilər. Çünki şəhərə daxil olan əsas axınların, xüsusilə dövlət hakimiyyəti orqanlarının yerləşdiyi ərazilər və məktəblərdə şagird sıxlığı nəzərə alınmaqla təşkil edilən yol idarəçiliyi müəyyən qədər müsbət təsir göstərər. O cümlədən, uşaqların yaxın məktəbləri seməsi, məktəb avtobusu mexanizminin effektiv işləməsi və oxşar təcrübələr dünyada geniş yayılıb.
"Bir neçə gün öncə ölkəmizdə differensial iş qrafikinin tətbiqinin də şahidi olduq. Əslində, bunu müsbət qiymətləndirmək olar, çünki pik saatlar müəyyən qədər dəyişir. Lakin ölkə başçısı kənd təsərrüfatına həsr olunan müşavirədə daxili miqrasiya məsələsinə xüsusi toxundu və narahatlığını ifadə etdi. Kənd əhalisinin daimi məskunluğunun təmin edilməsi paytaxta əhali axınını azaltmaq üçün mühüm dövlət siyasətinə çevrilə bilər.
Əgər dövlətin müvafiq nazirliklərinin yerli xidmətləri öz fəaliyyətlərini tələbat və rentabellik prinsipi üzərindən qurursa, o zaman poçt, rabitə, tibb məntəqələri və digər sahələrin optimallaşdırılması son nəticədə kənd məktəblərində təhsilin vəziyyətinə birbaşa təsir edir. Nəticədə şagird sayının azalması məktəblərin bağlanması təhlükəsini yaradır.
Əgər ötən onilliklərin nailiyyətlərinə yenidən nəzər salsaq, Ulu Öndərin Sovet Azərbaycanına rəhbərliyi dövründə bölgələrin əhatə dairəsinin xüsusilə genişləndirilməsi Azərbaycanda kəndlərin sayının 4400-ə çatmasına səbəb olmuşdu.
Həqiqətən, şəhərlə kənd arasında mütənasibliyin qorunması və əhalinin coğrafi paylanması baxımından hökumət maksimum dərəcədə çalışmalıdır ki, kəndlərdə yaşayan insanların mənafeləri dövlət siyasətində ön yerə qoyulsun.
Ona görə də biz çalışmalıyıq ki, tıxacların aradan qaldırılması və paytaxta axının yaratdığı problemlərin həlli məqsədilə tunellərin, yol qovşaqlarının və yeni yolların salınması siyasəti ilə yanaşı, əhalinin paytaxta kütləvi gəlişinin mənzil və əmək bazarına yaratdığı təzyiqin qarşısını alacaq xüsusi dövlət siyasəti də həyata keçirilsin.
Qarabağ münaqişəsi və neft hasilatının aşağı düşməsi fonunda kəndlərdə enerji tariflərinin aşağı salınması, emal müəssisələrinə sıfır vergi siyasətinin tətbiqi, kredit siyasətində yerli bölgələrə üstünlük verilməsi, o cümlədən müəllim və həkimlərə xüsusi imtiyazlı yanaşma daxili miqrasiyanın azalmasında önəmli rol oynaya bilər.
Böyük qayııdş nəticəsində ərazisi az qala Küveytə bərabər olan yeni Vətən salınır. Tariximizdə müqayisə olunmayan bir hadisə əhalinin otuz ildən artıq məcburi köçkün düşdüyü rayonlarda əbədi yaşamasını təmin edəcək. Eyni zamanda, digər kənd və xüsusilə sərhəd bölgələrinə də əhalinin məskunluğu, daimi yaşayışı siyasəti əhalinin bütün coğrafiyamız üzrə mütanasib paylanmasını təmin edər. Belə siyasət nəinki paytaxtın yüklənməsinin qarşısı alar, o cümlədən hərbi təhlükəsizliiyi ayrılmaz hissəsi olar".
Demokrat.az

