Uşaqlar neçə yaşdan bağçaya verilməlidir?

SOSİAL 05 oktyabr 2024, 19:23
Uşaqlarını bağçaya qoymaq istəyən valideynlər yaş dövrünə görə bəzən tərəddüt edirlər. Bağçalara 1 yaşdan 6 yaşa qədər uşaqlar qəbul edilir. Amma Azərbaycanda valideynlər 1, 2 yaşlı uşaqlarını bağçaya qoymağa ehtiyat edirlər. 

Uşağını bağçaya tez qoyan valideynlər də cəmiyyət tərəfindən qınanır. Çünki insanlar düşünür ki, körpələrinin anaya ehtiyacları var. Həm də bağça işçilərinin səhlənkarlıqlarını mediada çox eşidirik. Bu da insanların güvənini qırır və cəmiyyət bağçaya etibar etmir. Bunlara rəğmən övladlarını kiçik yaşda bağçaya qoyanlar çoxdur. Əsas səbəbi isə valideynlərin işləməyə məcbur qalmasıdır. 

Azərbaycan reallığı

Demokrat.az xəbər verir ki, psixologiya elmləri üzrə fəlsəfə doktoru Bahar Bəylərova Bizim.Media-ya cəmiyyətimizdə uşaqların bağçaya tez getməsinə zərurət yaradan amillərdən danışıb: 

“Indi insanların maddi-mənəvi vəziyyəti elədir ki, övladlarını erkən yaşdan bağçaya qoymağa məcburdular. Bizim cəmiyyətdə ana işləmirsə, hər kəs elə düşünür ki, o tamamilə bekardır və evin bütün yükünü qaldıra bilər. Bu da analarda stress yaradır və onları daha tez işə çıxmağa sövq edir. Dolayısı ilə onlar daha erkən yaşda uşağı bağçaya qoyurlar. Anaların bu gün ev işləri ilə, uşaqların qayğıları, təlim-tərbiyyələri ilə çox yüklənmələri həm psixoloji, həm fizioloji problemlər yaradır. Indi analar evdə uşaqla olanda övladları ilə normal emosional bağlılıq da yaşaya bilmirlər, çünki sosiallaşmadıqları üçün, ancaq evdə vaxt keçirtməli olduqları üçün stressli, gərgin olurlar və nəticədə heç uşaqla məşğul ola bilmirlər. Bu bir Azərbaycan reallığıdır”. 

“Analar sosiallaşmalıdır, özlərini evə qapatmamalıdırlar”

Psixoloq deyir ki, bunları nəzərə alsaq, anaların sosiallaşmağı uşaqlarına daha faydalıdır, nəyinki əsəblə evin içində uşaqla zaman keçirtmək:  

“O səbəblə də, uşaqların daha erkən bağçaya getməsi məqsədəuyğundur. Yaxşı bağçalarda uşaqların beyin inkişafı, psixoloji durumları ilə peşəkar insanlar məşğul olurlar”.

“Qadınların ana olmağı dezavantajdır”

Bahar Bəylərova bildirir ki, cəmiyyət övladlarını tez bağçaya qoymalı olan valideynləri qınamazdan öncə düşünməlidir:  

“Biz bu gün ananın vəzifələrindən danışırıqsa, analara “sən niyə uşağını bağçaya tez qoyursan?” sualını veririksə, bu cəmiyyətin, ailə instutlarının ana üçün nə etdiyinə də baxmalıyıq. Əmək Məcəlləsinə görə, analıq məzuniyyətində olduğun illər sənin iş ilinə sayılmır. Bu gün qadınların ana olması dezavantajı, kişilərin ata olması, ailəli olması avantajıdır. Çünki ailəli kişi daha məsuliyyət, sahiblənmək kimi mesajlar verir, onların işləməyi daha pozitiv qarşılanır. Amma qadınların ana olmağı dezavantajdır. Çünki bu onların iş həyatına təsir edir, uşaqlı ana işdə problem kimi görünür, çünki onun uşağı xəstələnə bilər, tez-tez icazə ala bilər”. 

Bəs uşaqların neçə yaşından bağçaya qoyulması effektivdir?

“Təbii ki, çox yaxşı olar ki, uşaqlar 3 yaşına qədər valideynləri ilə mütəmadi münasibətdə olsunlar. Bu psixoloji, fizioloji, eyni zamanda beyin inkişafı üçün daha sağlamdır”, deyə psixoloq qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top