İsmayıllıda 38 yaşlı kişi həmkəndlisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 20 sentyabr 2024, 15:17
İsmayıllı rayonunda 1986-cı il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Nadirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 14 sentyabr 2022-ci ildə, saat 22 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən “Məxməri” çay evində baş verib. 

Vüsal orada qonşusu Nadirlə söhbət edərkən ona özünə məxsus İsmayıllı rayonunun kəndində yerləşən bağ sahəsindən armud yığmasını deyib. Vüsal  isə həmin bağdan armud yığmadığını deyərək etiraz edib. 

Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Vüsal əsəbiləşərək Nadirin sol qulaq nahiyəsindən qəsdən bir dəfə yumruqla vurub. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nadir onun qonşusudur, aralarında düşmənçilik və ədavət olmayıb, münasibətləri həmişə normal olub: “14 sentyabr 2022-ci ildə, saat 21 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən “Məxməri” kafesinə gəldim. Masa arxasına əyləşərək pivə sifariş verdim. Kafenin işçisi İntiqam mənə pivə gətirdi. Bu zaman digər masada əyləşən qonşum Nadiri gördüm və onu öz masama dəvət etdim. Nadir və onunla birlikdə əyləşmiş Elcan mənim əyləşdiyim masaya gəldilər. Biz yenidən pivə içməyə davam etdik. Saat 22 radələrində Nadir özünə məxsus bağdan kiminsə armud yığdığını və həmin armudun yığılmasında məndən şübhəli olduğunu bildirdi. Mən bu məsələdən xəbərimin olmadığı desəm də,  Nadir armudu yığan və armuddan yeyən şəxslərin barəsində nalayiq ifadələr işlətdi. Mən Nadirə söyüş söyməməsini desəm də, sonuncu buna məhəl qoymadan nalayiq ifadələrinə davam etdi. Bu zaman əlimin içi ilə onun çiyin nahiyyəsindən itələdim və əyləşdiyi stula da təpik vurdum. Nadir stulla birlikdə yerə yıxıldı. Həmin vaxt İntiqam gələrək Nadiri yerdən qaldırdı. Bu vaxt  qardaşım Tamerlan gəldi və nə baş verdiyini soruşdu. Mən Nadiri vurduğumu dedim. Nadir çay evinin arxa tərəfindən çıxaraq getdi. Mən də Tamerlanla birlikdə evimizə getdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 15-də, saat 9 radələrində İsmayıllı şəhər ərazisində Nadiri görüb və gecə söyüş söydüyü üçün itələdiyini bildirərək ondan üzürxahlıq edib: “Sonradan Nadirin həmin gecə şikayət etdiyini bildim. Hazırda etdiyim əmələ görə peşmanam. Zərərçəkmiş şəxslə barışmışam”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nadirin sözlərinə görə, İsmayıllı rayonunun kəndi ərazisində ona məxsus 33 sot torpaq sahəsi yerləşir: “Həmin sahədə iki ədəd böyük armud ağacı var. Həmin ağaclar yaxşı bar versə də, indiyə qədər həmin ağaclardan məhsul əldə edə bilməmişəm. Hər il məhsul yığılan vaxtı həmin əraziyə gedən zaman armudların yığıldığını görmüşəm”.

Zərərçəkmiş qeyd edib ki, 14 sentyabr 2022-ci ildə, saat 22 radələrində tanışı Elcanla birlikdə İsmayıllı şəhəri ərazisində yerləşən “Məxməri” kafesində əyləşərək pivə içiblər: “Bu zaman Vüsal həmin kafeyə gəldi və bizimlə görüşdü. Biz Vüsalı öz masamıza dəvət etsək də, o, özünün əyləşdiyi masanın rahat olduğunu bildirdi, bizi öz masasına dəvət etdi. Biz Vüsalın təklifini qəbul edərək əyləşdiyi masaya getdərək orada əyləşdik. Birlikdə pivə içdik. Biz müxtəlif mövzularda söhbətləşdikdən sonra bağımdan armud yığmaqla Vüsaldan şübhəli olduğunu dedim. Bu sözü sakit formada dedim. Lakin bu sözümdən sonra Vüsal mübahisə etməyə başladı. Vüsal mənə “sən kimsən, ağaclar olan küçəyə təzə gəlmisən, həmin ərazi bizə məxsusdur” deyərək, mənimlə kobud formada danışmağa davam etdi. Bunda sonra Vüsal ayağa qalxmdşvə mənə yumruqla sol qulağımdan güclü zərbə vurdu. Mən zərbədən yerə yıxıldım. Bundan sonra Vüsal başımın üstündə dayanaraq sayını xatırlamadığım qədər yumruq və təpik zərbələri ilə bədənimin demək olar ki, hər tərəfindən vurdu”. 

Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2024, 09:30
15 oktyabr 2024, 09:20
Top