100 yaşdan çox yaşamağın sirri bu tərəvəzdir? — Mütəxəssislər açıqladı

MARAQLI 22 sentyabr 2026, 10:25
Yaponiyanın Okinava bölgəsində 100 yaşdan çox yaşayan insanların qidalanma vərdişləri araşdırılıb. Mütəxəssislərin diqqətini isə bölgə sakinlərinin süfrəsindən əskik olmayan bir tərəvəz çəkib.

Demokrat.az
xəbər verir ki, Yaponiyada 100 yaşını keçən insanların sayı 100 mini ötüb. Uzunömürlülüyün səbəblərini araşdıran mütəxəssislər Okinava sakinlərinin qidalanma xüsusiyyətlərinə xüsusi diqqət yetirirlər.

Uzunömürlülüklə bağlı araşdırmaları ilə tanınan Dan Buettner Okinava mətbəxində geniş istifadə olunan bənövşəyi şirin kartofa (Beni Imo) diqqət çəkib. Məlumata görə, bu məhsul bölgə əhalisinin qida rasionunun təxminən 67 faizini təşkil edib.

Buettner Netflix-də yayımlanan “Live to 100: Secrets of the Blue Zones” proqramında bənövşəyi şirin kartofun qida xüsusiyyətlərindən də danışıb. Bildirilir ki, bu tərəvəz kompleks karbohidrat və liflə zəngindir. Onun aktiv antioksidant tərkibinin isə qaragilə ilə müqayisədə daha yüksək olduğu qeyd edilir.

Bənövşəyi şirin kartofun Okinavada geniş yayılmasının səbəbləri yalnız qidalanma ilə əlaqəli deyil. Bu bitkinin tayfunlara davamlı olduğu və torpağın altında qoruna bildiyi üçün ada sakinləri tərəfindən uzun illər ərzində əsas ərzaq mənbələrindən biri kimi istifadə edildiyi bildirilir.

Dietoloq Yukie Miyaguni də şirin kartofun Okinava əhalisinin tarixində mühüm yer tutduğunu vurğulayıb. Onun sözlərinə görə, bölgədə ərzaq qıtlığının yaşandığı dövrlərdə bu məhsul əhali üçün mühüm qida mənbəyi olub.

Okinava mətbəxində şirin kartofla yanaşı, tut yarpaqları və kalmar mürəkkəbindən hazırlanan şorba kimi müxtəlif qidaların da istifadə edildiyi qeyd olunur.

Mütəxəssislər Okinavanın uzunömürlülüyünü yalnız bir qida ilə əlaqələndirməyin düzgün olmadığını bildirirlər. Bununla belə, bölgədə lif, bitki mənşəli qidalar və antioksidantlarla zəngin məhsulların geniş istehlakı sağlam qidalanma modelinin mühüm hissəsi hesab olunur.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

22 sentyabr 2026, 09:33
Top