YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Taksi sürücüsü tıxaca görə əlavə pul istəyə bilər? — Açıqlama

Taksi sürücüsü tıxaca görə əlavə pul istəyə bilər? — Açıqlama

Son dövrlər taksi xidmətindən istifadə edən sərnişinlər bəzi sürücülərin tıxacları əsas gətirərək əvvəlcədən razılaşdırılmış gediş haqqından əlavə pul tələb etməsindən və ya onları təyinat yerinə çatdırmadan yarıyolda düşürməsindən narazılıq edirlər. Bu hallar həm sərnişinlərin hüquqlarını, həm də taksi xidmətinin keyfiyyətini gündəmə gətirir.

Bəs sürücülərin belə davranışları hansı məsuliyyət yaradır və sərnişinlər hüquqlarını qorumaq üçün hara müraciət edə bilərlər?

Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, taksi sürücüsünün tıxacı bəhanə gətirərək əvvəlcədən müəyyən edilmiş gediş haqqından əlavə pul tələb etməsi sərnişinin hüquqlarını pozur və xidmətə olan etimadı azaldır.

Onun sözlərinə görə, sərnişin səfərə başlayarkən qiymətin necə hesablanacağını bilməli, sonradan əlavə ödənişlə üzləşməməlidir:

"Taksometr gediş haqqını məsafəyə və sərf olunan vaxta uyğun hesablayan cihaz və ya proqram təminatıdır. Tıxac zamanı qiymət taksometrə və ya sifariş zamanı qəbul edilmiş tarifə əsasən dəyişə bilər. Lakin hesablanma qaydası əvvəlcədən aydın olmalı, əlavə məbləğ sərnişinlə razılaşdırılmadan tələb edilməməlidir.

Sərnişinin razılığı olmadan onu yarıyolda düşürmək daha ciddi problem yaradır. Bu, sərnişinin təyinat yerinə çatdırılmaması deməkdir və xüsusilə gecə vaxtı və ya tanımadığı ərazidə onun təhlükəsizliyi üçün risk yarada bilər. Sürücü səfəri davam etdirə bilmirsə, sərnişini yol kənarında qoymaq əvəzinə, onunla danışmalı və təhlükəsiz həll yolu tapmalıdır. İnkişaf etmiş ölkələrdə taksi xidmətlərində qiymət və səfər məlumatlarının şəffaflığına, sərnişin şikayətlərinin araşdırılmasına xüsusi diqqət yetirilir.

Bu halların qarşısını almaq üçün taksometrdə və ya tətbiqdə qiymətin hesablanması sərnişinə aydın görünməli, səfərin marşrutu və ödəniş məlumatları qeydə alınmalıdır. Sərnişinlər üçün rahat şikayət kanalları yaradılmalı, müraciətlər vaxtında araşdırılmalıdır. Qayda pozuntusu təsdiqlənərsə, sürücü və daşıyıcıya qarşı təsirli tədbirlər görülməli, təkrar hallarda məsuliyyət artırılmalıdır. Sürücülərin etik davranış və sərnişindaşıma qaydaları üzrə hazırlığı da gücləndirilməlidir".