Avtomobil qəzası zamanı sürücünün xəsarət alıb-almamasına təkcə hərəkət sürəti deyil, nəqliyyat vasitəsinin konstruksiyası, kuzovun möhkəmliyi və təhlükəsizlik sistemləri də təsir göstərir. Xüsusilə ağır qəzalardan sonra eyni zərbənin müxtəlif markalı avtomobillərdə fərqli nəticələrə səbəb olması nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsi ilə bağlı müzakirələri gündəmə gətirir. Bununla yanaşı, alman avtomobillərinin qəza zamanı daha dayanıqlı olması barədə fikirlər də diqqət çəkir.
Bu üstünlük həqiqətən texniki göstəricilərlə bağlıdır, yoxsa sürücülər arasında formalaşmış qənaətdir? Eyni qəza şəraitində alman avtomobilinin yerində Çin istehsalı və ya başqa markalı avtomobil olsaydı, nəticə fərqli ola bilərdimi?
Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, alman avtomobilləri ilə bağlı həmişə yüksək fikirdə olub və onları ən keyfiyyətli avtomobillər hesab edib:

"Bu fikir də əsassız formalaşmayıb. Lakin avtomobil dünyasında "crash-test" anlayışı var. Biz də dəfələrlə sürücüləri bu məsələyə diqqət yetirməyə çağırmışıq. Avtomobil alarkən yalnız onun görünüşünə, dizaynına və markasına fikir vermək olmaz. Alınan avtomobilin qəza zamanı sürücünü və sərnişinləri nə dərəcədə qoruya biləcəyini də nəzərə almaq lazımdır. Avtomobili onun texniki imkanlarına uyğun idarə etmək vacibdir. Məsələn, Avropada məşhur "Euro NCAP" qəza sınaqları keçirilir. Həmin sınaqların nəticələrinə əsasən, avtomobillərin neçə ulduz aldığı açıqlanır. Ən yüksək nəticə beş ulduzdur. Eyni zamanda, avtomobilin hansı istiqamətdən zərbə aldıqda daha zəif nəticə göstərdiyi də müəyyənləşdirilir. Avtomobillərin ön və yan hissələrdən toqquşma, eləcə də aşma zamanı salondakı sərnişinləri nə dərəcədə qoruya bilməsi yoxlanılır. Sınaqlarda xüsusi manekenlərdən istifadə olunur. Təəssüf ki, ölkəmizdə avtomobil alarkən bu məsələyə çox da diqqət yetirilmir. Bununla belə, ümumiləşdirərək demək olmaz ki, qəza zamanı Çin avtomobilinin sürücüsünün mütləq xəsarət alması qaçılmaz olardı. Yəqin ki, körpüdən uçan "BYD" markalı taksini xatırlayırsınız. Həmin avtomobilin sürücüsünün sağ qalması çoxlarını təəccübləndirmişdi. Heç kim onun belə bir qəzadan sağ çıxacağını düşünməzdi".

Ekspert qeyd edib ki, məsələyə Çin və ya Almaniya istehsalı olan avtomobil prizmasından yanaşmaq düzgün deyil:
"Əsas məsələ avtomobillərin qəza sınaqlarının necə və harada keçirilməsidir. Dünyada ciddi qəza sınaqları aparan qurumlar var və Çində də belə testlər keçirilir. Avropa bazarına çıxarılan Çin avtomobilləri də müvafiq qəza sınaqlarından keçir və nəticələr əldə edir. Ölkəmizdə isə hələlik bu sahədə müstəqil qiymətləndirmə sistemi yoxdur. Əsasən, beynəlxalq səviyyədə tanınan qurumların açıqladığı nəticələrə istinad edirik. Çünki bu cür sınaqların keçirilməsi ciddi iş və xüsusi infrastruktur tələb edir. Digər tərəfdən, məsələn, "Jeep Wrangler" kimi ofrouder avtomobilin beş ulduz almasını gözləmək düzgün olmaz. Bu tip avtomobillər bəzən daha aşağı nəticə göstərir, hətta iki ulduz alır. Çünki onların təyinatı fərqlidir. Belə avtomobili alan sürücü onun idarəetmə xüsusiyyətlərini bilməlidir. Ofrouder avtomobili sedan və ya "Mercedes"in idman modeli kimi idarə etmək olmaz. Eyni qəza şəraitində bu avtomobillərin sərnişinləri qoruma imkanları fərqli ola bilər. Sürücü avtomobilin təyinatını və texniki imkanlarını nəzərə almalıdır. Avtomobili şəhər daxilində idarə edərkən belə, onun hansı həddə qədər təhlükəsiz istifadə oluna biləcəyini bilməlidir. Bu, müəyyən mənada sürücünün təcrübəsindən də asılıdır. Ona görə də demək olmaz ki, həmin avtomobilin yerində başqa bir Çin avtomobili olsaydı, qəzanın nəticəsi mütləq fərqli olacaqdı. Belə yanaşma birmənalı şəkildə düzgün deyil. Bununla belə, bəzi avtomobillər qəza zamanı sürücünü və sərnişinləri daha az qoruya bilər. Eyni zamanda, təhlükəsizlik kəmərinin taxılmaması da qəzanın nəticəsinə təsir göstərir. Avtomobildə təhlükəsizlik yastıqları ilə bağlı əvvəlcədən mövcud olan nasazlıqlar varsa, sürücü bundan xəbərdar olmalıdır. Bütün bu amillər qəza zamanı insan həyatının xilas edilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Qeyd edək ki, ötən günlərdə səhər saatlarında Nizami rayonu ərazisində, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində "BMW" markalı avtomobil körpünün üzərindən köməkçi yola düşərək qəzaya uğrayıb. Sürücünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.


