40 yaşlı kişi ondan boşanmaq istəyən arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 20 sentyabr 2024, 13:46
Ucar rayonunda 1984-cü il təvəllüdlü Ehtiram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Yeganəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 10-da, saat 20:00-da Ucar rayonunun kəndində baş verib. Ehtiram yaşadıqları evdə arvadı Yeganə ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir neçə dəfə yumruq ilə onun qolundan vurub. 

Hadisəni törədən Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, yanvarın 10-da, saat 20:00-da yaşadığı evə gəlib: “Arvadım Yeganə ilə söhbət edərək məndən boşanmaq üçün Ucar Rayon Məhkəməsinə verdiyi ərizəsini geri götürməsini istədim. Yeganə isə boşanacağını və ərizəni geri götürməyəcəyini bildirdi. Bu səbəbdən arvadım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı onu vurmamışam. Yalnız əlindəki telefonu almaq istədim. Bu hala anam, qonşularım da buna şahid olublar. Odur ki, əməlimdə cinayət tərkibi yoxdur”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Yeganənin sözlərinə görə, yanvarın 10-da, saat 20:00-da yaşadığı evdə olan zaman Ehtiram evə gələrək ondan boşanmaq üçün verdiyi ərizəni geri götürməyini istəyib: “Bu səbəbdən aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Ehtiram bir neçə dəfə yumruqla qollarımdan və çənəmdən vuraraq mənə xəsarətlər yetirdi. Bu hala qaynanam Zərnişan, qonşularımız Ləman, Elçin və uşaqlarım da şahid olublar. Hazırda ərimlə barışmamışam, habelə, ondan şikayətçiyəm”.

Bu cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ehtiram 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulub. 

Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılıb. 

Təqsirləndirilən şəxsin kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılıb.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə  Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilib. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur. Ucar Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, onun  barəsində bəraət hökmünün çıxarılması istənilib. 

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2024, 09:30
15 oktyabr 2024, 09:20
Top