Prezident İmarət Kompleksinin bərpadan sonra açılışında — VİDEO

SİYASƏT 20 sentyabr 2024, 11:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

Demokrat.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahıdır. İmarət xan sülaləsinin ən qədim mülklərindən biri sayılır. Tarixi mənbələrə əsasən, bu kompleks xanlığın ilk dövründə, 1738-ci ildə Pənahəli xan öz yaxın qohumları ilə Xorasandan Qarabağa qayıtdıqdan sonra inşa edilib. Pənahəli xan və ailəsi dəfn mərasimləri, eləcə də öz yaxınlarının məzarlarını ziyarət etmək üçün buraya gəlirdi. 

1966–1986-cı illər ərzində kompleksin bərpa və konservasiyası istiqamətində bəzi işlər həyata keçirilib. 
Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşib. 

Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi, eləcə də qəbiristanlıq erməni vandalizminin qurbanı olub. 

Ümumiyyətlə, 30 illik işğal dövründə Ermənistan tərəfindən Qarabağın bir çox tarixi və mədəni abidələri kimi, İmarət Kompleksi də vandalizmə məruz qalaraq dağıdılıb. Xan ailəsinə məxsus 5 türbə donuzçuluq təsərrüfatı kimi istifadə edilib. 

Aparılan tədqiqatlar nəticəsində tarixi qəbiristanlıq ərazisində 213 müsəlman qəbri aşkar edilib. Onlardan 18-i türbələrin daxilindədir. Konstruksiyasına görə digər 195 qəbirdən 8-i sərdabə, 187-si isə torpaq qəbirdir. İşğal dövründə qəbir daşları sındırılıb və bir çoxu müxtəlif sahələrdə istifadə məqsədilə qəbiristanlığın ərazisindən çıxarılıb. 

Vandalizmə məruz qalmış qəbirlər arasında 9 qəbir məzar daşı ilə birgə öz yerində aşkar edilib. Tədqiqat zamanı qəbirlərin identifikasiya işləri aparılıb və 12 qəbrin kimə məxsus olduğu müəyyən edilib. 

Araşdırmalar nəticəsində Ermənistan tərəfindən işğal dövründə eyni zamanda Ağdam və ətraf ərazilərdə vandalizmə məruz qalmış Orta əsrlərə aid daş abidələr də aşkar edilərək toplanılıb. IV-VII əsrlərin yadigarı olan bu nümunələr Ağdam (Mollalar, Şəfibəyli, Güllücə kəndləri), Bərdə (Şatırlı), Ağdərə (Canyataq) və Tərtər (Seysulan) ərazilərində ortaya çıxarılıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023–2024-cü illərdə İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri aparılıb. 

Bildirildi ki, hazırda kompleksin ərazisindəki 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb.

Ərazisi 3,24 hektar sahəni əhatə edən kompleks Pənahəli xanın iqamətgahı, Xurşidbanu Natəvanın heykəli, türbələr, Ziyarətçi mərkəzi, Qarabağ atları parkı və qəbiristanlıqdan ibarətdir.

Bərpadan sonra Pənahəli xanın iqamətgahı interaktiv muzey kimi fəaliyyət göstərir. Beş zaldan ibarət muzeyin birinci zalında İmarət Kompleksinin işğaldan öncə və sonrakı dövrə aid məlumatlar yer alıb. İkinci zalda Qarabağ xanlığı haqqında tarixi, üçüncü zalda Qarabağ xanlığı dövrünün interyeri təqdim olunur.

Dördüncü zalda (“Güllər” zalı) Xurşidbanu Natəvanın şeirləri və onun “Gül dəftəri”ndən rəsm əsərləri proyeksiya vasitəsilə nümayiş olunur. X.Natəvanın “Gül dəftəri”nin orijinalı isə Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

Sonuncu –  beşinci zalda Cavanşirlər sülaləsinin əsas nümayəndələri, həmçinin Xalq rəssamı Maral Rəhmanzadənin X.Natəvana həsr etdiyi rəsm əsərlərinin surəti nümayiş etdirilir. Rəsmlərin orijinalı Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. 

Kompleksin Ziyarətçi mərkəzində bilet satışı və iki Azərbaycan brendi – “Gilabi ceramics” və “Şəms ceramics”in Qarabağ suvenir kolleksiyaları nümayiş etdirilir. 

Eyni zamanda burada Ümummilli lider Heydər Əliyevin Ağdama səfərlərini əks etdirən fotolar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İmarət Kompleksinə səfərlərinə aid fotolar, həmçinin Ağdamın işğaldan öncəki dövrü ilə bağlı fotolar nümayiş olunur. 

Mərkəzdəki “Qarabağ atları” bölmədə isə Çövkən oyunlarına həsr olunan foto və videomateriallar təqdim edilir. Ziyarətçi mərkəzində həm daxildə, həm də açıq səma altında kafe fəaliyyət göstərir.
Kompleksdə yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulur.

Dövlətimizin başçısı Qarabağ atlarına baxdı.

Qeyd olundu ki, Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, Ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər.

Məlumat verildi ki, işğaldan əvvəl kompleksin ətrafında müxtəlif növ ağaclardan ibarət yaşıllıq zonası olub. İşğal zamanı burada da düşmən tərəfindən ekoloji terror həyata keçirilib. Kompleksin qarşısındakı dörd qədim çinar və digər ağaclar məhv edilib.
Prezident İlham Əliyev həmin tarixi çinarların yerində ağac əkib.

Sonda xatirə şəkli çəkdirildi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top