“Əsrin müqaviləsi”: güclü Azərbaycanın təməlini atan strateji addım — TƏHLİL

TƏHLİL 19 sentyabr 2024, 14:44
“Əsrin müqaviləsi”. Bu, təkcə Azərbaycanın mövcud iqtisadi inkişafını təmin edən müqavilə yox, həm də ölkəmizin düşdüyü qaranlıqdan çıxaran strateji addım idi. 90-cı illərin ağır sosial-iqtisadi vəziyyətini çox da uzaq keçmiş deyil. Hər kəs yaxşı xatırlayır. Ölkə iqtisadiyyatı faktiki məhv olmuş, enerji resurslarının istismarı mümkünsüz hala gəlmiş, Qarabağda müharibə, Bakıda hakimiyyət davası gedirdi. Məhz Ümumilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Ulu öndər çoxvektorlu strategiya həyata keçirirdi. Ordunu yenidən formalaşdırdı, sosial-iqtisadi vəziyyətin düzəlməsi istiqamətində addımlat atdı və ən mühüm “Əsrin müqaviləsi” kimi strateji sazişə nail olaraq, Azərbaycanı beynəlxalq birliyin təsiredici aktoruna çevirə bildi. Bütün bu prosesdə Prezident İlham Əliyev də yer alırdı və o, istən danışıqların aparılmasında, istərsə Azərbaycanın milli maraqlarına uyğun sazişin hazırlanmasında böyük əmək sərf edib.

Bu müqavilə iqtisadi inkişafı təmin etməklə yanaşı, həm də ölkəmizin siyasi baxımdan güclənməsinə də yeni imkanlar yaratdı. Müstəqilliyin ilk illərində respublika ağır dövr yaşayırdı. Ölkə daxilində istehsalat əhəmiyyətli dərəcədə azalmış, inflyasiya 1000 faizdən yuxarı həddə qalxmışdı. Belə şərtlər altında Azərbaycan yalnız öz neft-qaz yataqlarını inkişaf etdirərək iqtisadi sabitliyini təmin edə bilərdi. Lakin Azərbaycan bu dövrdə öz maliyyə və texniki imkanları ilə yalnız Xəzər dənizinin dayazsulu hissələrində (200 m dərinliyə qədər) neft hasil edə bilirdi. Ölkənin hasil edilə bilən neft ehtiyatları isə əsasən dərinsulu hissələrdə yerləşirdi. Bu səbəbdən beynəlxalq enerji şirkətlərinin ölkəyə investisiya qoymaları üçün dəvət edilməsi labüd idi. Hərçənd, xarici investorlar üçün bir nömrəli məsələ olan təhlükəsizlik problemi var idi. Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu, qətiyyətli mövqeyi və həmin dövrlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycan “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu.

20 sentyabr 1994-cü il tarixində dünyanın 7 ölkəsindən 11 beynəlxalq enerji şirkətinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı. Azərbaycanın müasir neft salnaməsinin başlanğıcı hesab olunan bu Saziş sonradan miqyasına, siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi” müstəqillikdən sonra Azərbaycan neft-qaz sənayesində əldə olunan bütün uğurların təməlini qoyaraq ölkəmizin hərtərəfli inkişafına möhkəm zəmin yaratdı, beynəlxalq mövqelərini gücləndirdi. Ümummilli Liderin uzaqgörən rəhbərliyi ilə enerji resurslarından əldə olunan gəlirlərin ölkəmizdə digər sahələrin inkişafına yatırılması davamlı inkişafımızın əsasını təşkil etdi, milli iqtisadiyyatımızın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azaldılması istiqamətində zəruri addımlar atıldı. Sonrakı dövrdə görülən işlər, kəşf olunan yataqlar, reallaşdırılan strateji layihələr Azərbaycanın enerji potensialını və iqtisadi gücünü daha da artırdı. Belə ki, Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayan 37 Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) və 3 Risk Xidməti Sazişi (RXS)  imzalandı. 

1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ilə Bakı-Supsa, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin istismara verilməsi Azərbaycan neftinin dünya bazarına birbaşa çıxışını təmin etdi. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildikdən sonra Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyə başladı. Beləliklə, Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildi. Ulu Öndər Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. 2024-cü ilin 01 iyul tarixinə olan məlumata əsasən, ARDNF-nin aktivləri: 58 000,6 mln. ABŞ dolları təşkil edir.

Dayanıqlı və inklüziv iqtisadi inkişafını təmin edən Azərbaycan, neft-qaz gəlirlərindən səmərəli istifadə edərək bir çox strateji əhəmiyyətli layihələrə investisiya qoydu. Bu xüsusda, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Abşeron, Ümid kimi meqa layihələri misal göstərə bilərik. 

Ulu Öndərin müəllifi olduğu strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də insan kapitalının inkişafı və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması idi.

“Neft kapitalının insan kapitalına transformasiyası” müvəffəqiyyətlə həyata keçirildi. Gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsil almaları üçün reallaşdırılan dövlət proqramları, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən çoxşaxəli işlər, təhsilin maddi-texniki bazasının gücləndirilməsi, müasir standartlara cavab verən rəqabətədavamlı təhsil müəssisələrinin yaradılması ölkəmizin parlaq gələcəyinin təmin olunmasına hesablanmış addımlar idi.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalandı. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng yataqları blokunun işlənməsində yeni dövr başlandı. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, bp fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu saziş, eyni zamanda, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu və Azərbaycan xalqının hələ uzun illər öz milli sərvətindən faydalana biləcəyini, həmçinin ölkəmizdə yaradılan əlverişli investisiya mühitini və Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda beynəlxalq tərəfdaşlar tərəfindən AÇG yataqlar blokunda təqribən 510 milyon ton neft ehtiyatının olduğu qiymətləndirilirdi. Lakin ilk neftin hasil olduğu 1997-ci ildən 27 il ötməsinə baxmayaraq, AÇG yataqlar blokunda hələ də 500 milyon tondan artıq neft ehtiyatının olduğu proqnozlaşdırılır. 

Yeni Sazişin ardınca 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun müqavilə ərazisində “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə yekun investisiya qərarı verildi. Bu, 2017-ci ildə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı gözlənilir. Cari ilin aprel ayında ACE platformasından ilk neft hasil edilərək AÇG yataqlar blokunun işlənməsində növbəti mərhələnin əsası qoyulub. Platformada hazırda bir quyudan gündə təxminən 8000 barel neft hasil olunur. Bu ilin sonuna kimi daha iki hasilat quyusunun qazılıb istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir. ACE texnoloji və rəqəmsal baxımdan dünyada ən qabaqcıl platformalardan hesab olunur və uzaq məsafədən idarə edilən ilk AÇG platformasıdır.

“Əsrin müqaviləsi”nin uğurlu icrası nəticəsində Azərbaycan investisiya qoyulan ölkə olmaqla yanaşı, xarici ölkələrdə mühüm investisiya layihələri icra etməyə başladı. Xüsusilə SOCAR 2008-ci ildən etibarən, daxildə və xaricdə neft-kimya, neft emalı, neft məhsullarının ticarəti, qazın paylanması və nəqli kimi bir sıra strateji əhəmiyyətli layihələri həyata keçirdi. “Petkim” neft-kimya kompleksi, “STAR Neft” Emalı Zavodu, TANAP layihəsi, “SOCAR Karbamid” və “SOCAR Polymer” kimi layihələr buna misal göstərilə bilər.  

Avropa üçün enerji təhlükəsizliyinin əhəmiyyətinin daha da artdığı bir dövrdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan, son onilliyin əsas meqa-layihələrindən biri olan Cənub Qaz Dəhlizi bu gün beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.  Bu baxımdan, Cənub Qaz Dəhlizi həm təchizat, həm də marşrut şaxələndirilməsini təmin etməklə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Mövcud potensialımız və qaz hasilatının ildən-ilə artan tempi gələcəkdə Azərbaycan qazının daha böyük coğrafiyada enerji təhlükəsizliyinə töhfə verəcəyini deməyə əsas verir. Belə ki, 2023-ci ildə ölkə üzrə təbii qaz hasilatı  3,3% artaraq, 48,3 milyard kubmetr, ixracı isə 6,9% artaraq 23,9 milyard kubmetr təşkil edib ki, cari ildə ixrac həcminin 24 milyard m3-i ötəcəyi gözlənilir. Dünyanın ən nəhəng qaz və kondensat yataqlarından biri olan “Şahdəniz“ yatağından istismara veriləndən 1 sentyabr 2024-cü il tarixinədək 227,2 milyard kubmetr qaz və 47,2 milyon ton kondensat hasil edilib. Cari ilin sonunadək isə, yataqdan 27,3 milyard kubmetr qaz və 4,1 milyon ton kondensatın hasil edilməsi nəzərdə tutulur. Həmçinin, ötən ildən hasilata başlanılan “Abşeron” qaz-kondensat yatağında İlkin Hasilat Sxemi mərhələsi üzrə hasilat artan templə davam edir. 1 sentyabr 2024-cü ilə qədər Abşeron yatağından ümumilikdə 1,8 milyard m3 qaz və 700 min tona yaxın kondensat hasil olunub. Cari ildə yataqdan ümumilikdə 1,5 milyard kubmetr qaz və 520 min tondan çox kondensat hasilatı gözlənilir. Hazırda tərəfdaş şirkətlərlə birgə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlər uğurla davam etdirilir. Ümid” yatağından isə cari il 2,1 milyard kubmetr qaz və 251,5 min ton kondensat hasilatı gözlənilir.



1 sentyabr 2024-cü il tarixinədək Cənub Qaz Dəhlizi vasitəsilə təqribən 68 milyard kubmetr Azərbaycan qazı nəql edilib. Bunun 29 milyard kubmetri Türkiyənin, 39 milyard kubmetri Avropa ölkələrinin payına düşür. Cənub Qaz Dəhlizinin əhatə dairəsinin daha da genişləndirilməsi ilə Azərbaycanın Avropaya təbii qaz ixracını gələcəkdə də artırma imkanları kifayət qədər böyükdür. Hazırda Cənub Qaz Dəhlizinin, xüsusilə TANAP və TAP boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı aparılan müzakirələr bu layihənin strateji əhəmiyyətini və Avropanın enerji təhlükəsizliyindəki artan rolunu bir daha nümayiş etdirir. 

2022-ci ilin iyul ayında “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun, həmçinin “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında əməkdaşlığın təşviqinə dair “Anlaşma Memorandumu”nun imzalanması və perspektivdə nəzərdə tutulan digər layihələr Azərbaycan qazının ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan qazı 10 ölkəyə - Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya və Xorvatiya ixrac olunur. Bu ölkələrdən 7-si Avropa İttifaqına üzv ölkələrdir. 

Göründüyü kimi, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan layihələr enerji siyasətimizin uğurla icra olunmasında və ölkəmizin mühüm enerji dəhlizinə çevrilməsində müstəsna rola malikdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi ilə müəyyənləşdirilən yeni neft strategiyamız bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə formalaşdırılaraq uğurla davam etdirilir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində iqtisadiyatın bütün sahələri, o cümlədən neft-qaz sektoru sürətlə inkişaf edib, Azərbaycan etibarlı enerji təchizatçısı kimi regionun lider dövlətlərindən birinə çevrilib. Ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən strateji əhəmiyyətli enerji layihələri Azərbaycanın iqtisadi qüdrətini daha da artırmaqla yanaşı, beynəlxalq bazarlarda mövqelərinin daha da möhkəmləndirib.

Bu gün Azərbaycan həm maddi-texniki bazası, həm də yüksəkixtisaslı kadr potensialı ilə bir çox nəhəng layihələri uğurla həyata keçirir. Bulla Dəniz yatağından istismara verilən 12-ci dəniz özülünün layihələndirilməsi, tikilməsi və quraşdırılması tamamən SOCAR-ın öz daxili imkanları ilə həyata keçirilib. Ümid yatağında SOCAR-ın ən debitli quyusu məhz Azərbaycan neftçiləri tərəfindən qazılıb. 2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağından mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 174 milyard ABŞ dolları olub. Layihə üzrə 2001-ci ildən etibarən əldə edilmiş bonusların ümumi dəyəri – 3.3 mlrd. ABŞ dolları təşkil edir. 

“AÇG və “Şahdəniz” yataqları istismara veriləndən cari il sentyabrın 1-dək 643 milyon ton neft (kondensatla birlikdə), hasil edilib. AÇG-dən 595,8 milyon ton neft, 225 milyard kubmetr səmt qazı, “Şahdəniz”dən isə 47,2 milyon tona yaxın kondensat hasil edilib. Hasil olunan neftin (kondensatla birlikdə) 641,2  milyon tonu ixraca nəql edilib. Hazırda SOCAR-ın bir sıra neft-kimya komplekslərində uğurla davam etdirilən modernizasiya, yenidənqurma və rəqəmsallaşma işləri nəticəsində səmərəlilik əmsalı daha da artıb. Belə ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində ötən ildən etibarən dizel yanacağı, bu ildən isə Aİ-92 və Aİ-95 markalı avtomobil benzinlərinin istehsalı artıq Avro-5 standartlarına çatdırılıb və daxili bazarın tələbatı tam ödənilir.

Ümumilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası Azərbaycanın iqtisadi inkişafında, eləcə də geosiyasi müstəvidə nüfuzunun artmasına gətirib çıxardı. Təsadüfi deyil ki, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Bütün bunlar Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli maraqlara söykənən uğurlu strategiyasının bəhrəsidir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top