“Qida zəhərlənmələri ölümlə nəticələnə bilər” — Bu əlamətlər varsa...

GÜNDƏM 16 sentyabr 2024, 18:27
İnsanların həyatında xoş xatirəyə çevrilən toylar bəzən arzuolunmaz hallar da yaşada bilər. Toyda zəhərlənmələr heç kimin yaşamaq istəmədiyi vəziyyətdir. Bəzi insanların orqanizmi daha həssas olduğu üçün toylarda yediyi yeməklər həzm sisteminə mənfi təsir edə, nəticədə zəhərlənməyə gətirib çıxara bilər. 

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, daha çox yay aylarında rast gəlinən qida zəhərlənmələri bəzi ağırlaşmalara səbəb ola bilər:

“Qida məhsulları açıq şəkildə saxlanılanda, günəş şüalarının təsirinə məruz qaldıqda yeməklər zəhərlənmə verə bilər. Daha çox salatlarda istifadə olunan mayonezlərin yarım saat günün altında qalması zəhərlənmək üçün kifayətdir. Marketlərdən daşındıqdan sonra təkrar soyuducuya qoyulur və yenidən istifadə olunur. Bu da məhsulun tərkibinin dəyişməsinə səbəb olur. Toylarda alkoqoldan zəhərlənmələr də baş verə bilər. Amma toylarda zəhərlənmələr daha çox qida zəhərlənmələri olur”. 

Həkimin sözlərinə görə zəhərlənmə özünü müxtəlif əlamətlərlə büruzə verir: 

“Ən çox görünən əlamətlər qusma, ürək bulantısı, qarın ağrısı və ishaldır. Zəhərlənmə bəzi şəxslərdə qızdırma və üşümə, əzələ ağrıları, halsızlıq da yarada bilər. Zəhərlənmə əlamətləri 30 dəqiqə ilə bir saat ərzində üzə çıxa bilər. Çox vaxtsa 12-48 saat ərzində əlamətlər özünü göstərir. 

Zəhərlənən insanı izolə etmək lazımdır. Onlar hospitalizasiya olunmalı, mədə-bağırsaqları yuyulmalı və müəyyən sistemlər köçürülməlidir. Ev şəraitində xəstəyə müdaxilə etmək məsləhət görülmür. Çünki qeyri-tibbi yollarla sağaldılmağa çalışan şəxsin vəziyyəti daha da ağırlaşa bilər. Xüsusən də zəhərlənmə əlamətləri bir neçə gün boyunca keçmirsə, mütləq həkimə getmək lazımdır. Çünki qida zəhərlənmələri bəzən ölümlə də nəticələnə bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top