Şagirdlərə məktəblərdə pulsuz yemək verilməsi daha məqsədəuyğundur — Millət vəkilindən yeni TƏKLİF

GÜNDƏM 18 sentyabr 2024, 17:42
Orta ümumtəhsil məktəblərində məktəblilərə də təqaüd verilməsi yaxşı olardı. Şagirdlər əla oxuyanlar, yaxşı oxuyanlar kateqoriyasına bölünsünlər. Buna uyğun onlara təqaüd verilsin. Necə ki ali məktəblərdə tələbələrə təqaüd verilir. Belə bir təkliflə Vəhdət partiyasının sədri Tahir Kərimli çıxış edib.

 Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib ki, maddi dəstək daha çox imkansız ailələrin uşaqları üçün nəzərdə tutulmalıdır:

“Orta məktəblərdə uşaqların mükafatlandırma sistemi nəzərdə tutula bilər. Amma bu müəyyən dərəcədə stimullaşdırıcı mahiyyət daşımalıdır. Maddi dəstək daha çox imkansız ailələrin  uşaqları üçün nəzərdə tutulmalıdır. Məktəbdə oxuyan uşaqların ailə vəziyyətini nəzərə alaraq belə bir təklif tərtib etmək olar. Amma bu da böyük bir madiyyat tələb edir. Bunu bütün məktəb sistemində tətbiq etmək  bir qədər çətinlik yarada bilər. Çünki uşaqlara başqa formada müavinət formasında dəstək daha məqsədəuyğundur. Məncə, təqaüddən daha önəmli  bir sıra xarici və qonşu ölkələrdə olan metodlar tədbiq olunmalıdır. Uşaqlara, pulsuz yemək verilməsi də nəzərdə tutula bilər. Bu da optimal bir yoldur.  Ona görə də, müavinətin hansısa imkansız ailəyə verilməsinin xüsusi bir mexanizmi var. Bu mexanizmi təkmilləşdirmək olar. Bu məktəbliyə də məktəbli olmayanlara da şamil edilə bilər. Amma məktəbdə pulsuz yemək məsələsini həll etmək daha real yoldur. Bu şagirdlər üçün daha faydalı olardı. Amma bundan da önəmli məsələ məktəbdə müəllimlərin stimullaşdırılmasıdır. Müəllimə daha çox maaş verilmısi məsələsi və yaxşı müəllimin fərqləndirilib, həvəsləndirilməsi vacibdir ki, şagirdlərə keyfiyyətli dərs tədris edə bilsin.  İlk öncə müəllimi diqqətə almalıyıq”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top