"İş və qeyri-iş günlərində dəyişiklik edilməsi iş stresini atmağa kömək edir" — Sosioloq

GÜNDƏM 18 sentyabr 2024, 15:56
 Xəbər verdiyimiz kimi, noyabr ayında ardıcıl 6 gün iş olmayacaq. 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür. Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq. Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.

Ard-arda bir neçə gün qeyri-iş günü olsa da həftə sonları işə getmək bəzi insanların narazılığına səbəb olur. Həftənin şənbə və bazar günü istirahət etməyə öyrəşmiş insanlar həmin gün işə getməyə çətinlik çəkirlər. 

Sosioloq Elçin Bayramlı isə hesab edir ki, bu addım təqdirəlayiqdir. E.Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, bayram günlərində heç kim artıq işləmir, sadəcə iş günü ilə qeyri-iş gününün yeri dəyişir:

“Düşünürəm ki, ard-arda istirahət günlərinin olması dincəlmək üçün daha effektivdir, nəinki 2 gün işləyib, 2 gün istirahət etmək, sonra yenidən gəlmək. İşə adaptasiya prosesi də çətinləşir. 5 gün, 1 həftə ardıcıl qeyri-iş günü olanda insanlar istirahət etmək üçün plan da qura bilirlər, rayonlara gedir, ailələri ilə vaxt keçirmək imkanı əldə edirlər. Kimsə qohumlarını, doğmalarını ziyarət edir, kimsə evininin, həyətinin təmiri ilə məşğul olur, kimsə müalicə alır, yəni insanlar görülməli olan işlərini görür, problemlərini həll edir, özlərinə zaman ayıra bilirlər. Bir neçə gün davamlı dincəlmək iş stresini də atmağa kömək edir. Dünya ölkələrinin bir çoxunda da bu sistem tətbiq olunur, faydalı olduğunu hesab edirəm. Ola bilər ki, az bir qisim insanda bu, problem yaratsın, 5 günlük iş rejiminə öyrəşirlər, şənbə və bazar işə getmək narahatlıq yarada bilər onlarda. Amma düşünürəm ki, işləyən əhalinin əksəriyyətinə bu cür dəyişiklik edilməsi daha faydalıdır. Əvvəlki sistem bu qədər effektiv deyildi”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top