Xəzər dənizindəki balıqlar bu səbəbdən AZALIR — Ekoloqdan AÇIQLAMA

GÜNDƏM 14 oktyabr 2025, 12:59
"Xəzər dənizində balıqların kütləvi azalmasının bir neçə əsas səbəbi var".

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

O, bildirib ki, birinci səbəb neft və onun qalıqlarıdır:

"Uzun illərdir Xəzər dənizində neft hasilatı həyata keçirilir. Hətta İkinci Dünya Müharibəsi dövründə Sovet hökuməti yanacağı əsasən Bakıda hazırlamış və neftin daşınması dəniz vasitəsilə həyata keçirilmişdir. O illərdə dənizə böyük miqdarda neft axıdılıb və bu, dənizin çirklənməsinə səbəb olub. Xüsusilə, neftin yüngül karbohidrogenləri havaya qalxır, ağır karbohidrogenlər isə dibə çökərək uzun müddət dənizi çirkləndirir. Bu isə həm flora, həm də fauna sisteminə təsir göstərir və balıqların əsas qidalarının azalmasına səbəb olur".

Ekoloq bildirib ki, inci səbəb balıqların kürüyə gedə bilməməsidir:

"Nadir növlər, məsələn, nərə balığı və qızıl balıq kürüyü şirin sularda, əsasən çaylara girərək edirlər. Lakin Kür çayının və digər çayların üzərində inşa edilən su anbarları və qurğular balıqların yolunu bağlayıb, onların kürüyə gedişini çətinləşdirir. Bunun nəticəsində balıqlar tədricən Azərbaycandan uzaqlaşıblar".

Onun sözlərinə görə, üçüncü əsas səbəb balıqların kütləvi zəhərlənməsi və ya ölümü ilə bağlıdır:

"2002, 2010 və sonrakı illərdə Hövsan və Zirə sahillərində kütləvi balıq ölümləri müşahidə olunub. Bunun səbəblərindən biri oksigenin azalmasıdır, lakin əsas problem infeksiya və zəhərlənmədir. Dənizdəki bakteriyalar və digər xəstəlik törədicilər balıqların ölümünə səbəb olur. Həmçinin, balıqların əsas yemlərinin azalması da onların sayının azalmasında rol oynayır".

Ekoloqun sözlərinə görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra tədbirlər görüb:

"Balıqların kürüvermə vaxtı müəyyən edilib və bu dövrdə balıq tutmaq məhdudlaşdırılıb. 5 kiloqramdan artıq balıq tutsalar, balıqçılar cərimələnirlər. Tordan istifadə qadağan olunub. Bu tədbirlər balıqların qorunması və saylarının bərpası üçün atılan mühüm addımlardır. Nazirlik yaxın illərdə balıqların artımını təmin etmək üçün əlavə tədbirləri davam etdirəcək".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 14:22
Top