Ödənişli yollar tıxacların azalmasına səbəb olacaq?

GÜNDƏM 14 oktyabr 2025, 12:16
“Paytaxtda ödənişli yolların salınması, müəyyən mənada, xarici ölkələrin təcrübəsindən götürülmüş praktik bir addımdır. Çünki bəzi ölkələrdə bu sistemlər həm yollarda sıxlığın azaldılması, həm də ictimai nəqliyyatın inkişafına maliyyə dəstəyi məqsədilə tətbiq olunur”.

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O əlavə edib ki, hazırda Bakı şəhərində bir çox sıxlıq və tıxac müşahidə olunan ərazilər mövcuddur:

“Bu səbəbdən həmin ərazilərin mərhələli şəkildə tənzimlənməsi, marşrutların optimallaşdırılması və nəqliyyat axınının idarə olunması vacib hesab edilir. Qanunda və fərmanda qeyd olunduğu kimi, konkret zonalar müəyyən ediləcək. Hazırda həmin zonalar və onların ödəniş prinsipləri üzrə təkliflər hazırlanır. Bu təkliflərdə ödəniş dərəcələri, texniki mexanizmlər və inzibati qaydalar da öz əksini tapacaq. Əsas məsələ ondan ibarətdir ki, tətbiq ediləcək bu sistem şəhərin ümumi infrastrukturuna necə təsir göstərəcək. Məsələn, ictimai nəqliyyatın hərəkət trayektoriyası, marşrutların yenilənməsi, vətəndaşların bu prosesdən rahat şəkildə yararlanması və yeni yolların salınması kimi məsələlər diqqət mərkəzində olacaq. Giriş-çıxış prosesləri elektron şəkildə xüsusi şlaqbaumlar və avtomatik açılıb-bağlanan sistemlər vasitəsilə həyata keçiriləcək. Bu sistemlər texniki dəstək və nəzarət mexanizmləri ilə təmin olunacaq. Layihənin həyata keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən icra olunacaq. Nazirliyin tabeliyində olan müvafiq qurumlar, o cümlədən “Azərbaycan Avtomobil Yolları” MMC bu sahədə cavabdeh qurum kimi çıxış edəcəklər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 14:22
Top