Şimali Koreya lideri Kim Çen In Çinin Dandun şəhərindən Yaluzyan çayı üzərindən keçən yeni körpü ilə ölkəsinə qayıdıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Çinə səfəri zamanı Kim Çen In Koreya müharibəsində iştirak etmiş Çin xalq könüllülərinin xatirəsinə ucaldılmış memorialı və avtomobil zavodunu ziyarət edib. O, həmçinin Ümumçin Xalq Siyasi Məsləhət Şurasının sədri Van Huninlə görüşüb. Görüşdə ona Çin lideri Si Cinpinin salamlarını və ən xoş arzularını çatdırıblar.
Kim Çen In Çinə uzun illər ərzində göstərdiyi dəstəyə və yardıma görə təşəkkür edib, iki ölkə arasında əməkdaşlığın perspektivlərini geniş adlandırıb.
Van Hunin isə yeni körpünün açılmasının qarşılıqlı səfərlərin, ticarət və iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcəyini bildirib.
Üç kilometr uzunluğunda olan körpü oktyabrın 15-də, on ildən çox davam edən tikinti və hazırlıq işlərindən sonra istifadəyə verilib. Kim Çen In oktyabrın 24-də Çinə də məhz bu körpü vasitəsilə daxil olmuşdu. Bu, onun 2025-ci ilin sentyabrından bəri Çinə ilk səfəri idi.


