"SpaceX" şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunu "Starlink" peyk rabitəsi sistemindən istifadə şərtlərini pozmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) sistemdən "insanları öldürmək məqsədilə dronlarla hücum zərbələri endirmək üçün" istifadə edib. Kiyev isə artıq bunun doğru olmadığını bəyan edib. Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko Maskın dediklərinin texniki baxımdan mümkün olmadığını bildirib.
Demokrat.az xəbər verir ki, İlon Mask "X" sosial şəbəkəsində Ukrayna hərbçilərinin "Starlink" xidmətlərindən istifadə şərtlərini pozduğunu və sistemdən insanları öldürmək məqsədilə dronlarla hücum zərbələri endirmək üçün istifadə etdiyini yazıb.
O, qeyd edib ki, "Starlink"dən bu cür istifadə heç vaxt icazəli olmayıb və buna icazə verilməməlidir. Sahibkar sonsuz qırğınları müdafiə edən və münaqişənin real həllini təklif etməyən şəxslərə qarşı tam nifrət hissi keçirdiyini bildirib və onlara "cəhənnəmdə yanmağı" arzulayıb.
Bununla yanaşı, Mask "Starlink"in Ukraynanın müdafiəsi üçün həlledici rol oynadığını xatırladıb.
Onun sözlərinə görə, bu, radioelektron müdaxilə ilə sıradan çıxarılması və ya partladılması mümkün olmayan yeganə sistemdir.
"Starlink" söndürülsə, Ukrayna cəbhəsi dərhal çökəcək. Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir", - deyə "SpaceX" rəhbəri bildirib.
Mask əlavə edib ki, "Starlink"in hərbi versiyası olan "Starshield" ABŞ hökumətinin nəzarətindədir və onun istifadəsi ilə bağlı qərarları məhz ABŞ hökuməti verir.
Kiyev nə cavab verib?
Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko İlon Maskın ittihamlarını təkzib edib. Onun sözlərinə görə, peyk rabitəsi tələb edən pilotsuz uçuş aparatlarından istifadə edilən bütün Ukrayna əməliyyatları yalnız "Starshield" sistemi vasitəsilə həyata keçirilə bilərdi.
"Bu ilin fevralında ‘ağ siyahılar" sistemi tətbiq edilib. Sabit terminalları həm hərbi, həm də mülki istifadəçilər qeydiyyatdan keçirə bilərdi. Lakin peyk terminalının hərəkət zamanı işləməsi üçün onu xüsusi siyahıya daxil etmək və hərbi ‘Starshield" sisteminə qoşmaq lazım idi. Əks halda, Ukrayna ərazisindəki istənilən peyk rabitəsi terminalı sadəcə işləməzdi. Buna görə də dronlarla tapşırıqları yerinə yetirmək üçün mülki ‘Starlink"dən istifadə texniki baxımdan mümkün deyildi", - deyə Sternenko vurğulayıb.
Ukrayna liderinin müşaviri Sergey Beskrestnov da bildirib ki, 2026-cı ilin qışından etibarən Ukraynadakı bütün "Starlink" terminallarının hərəkət sürəti saatda 70–90 kilometrlə məhdudlaşdırılıb, sistem isə Rusiya ərazisi üzərində işləmir.
"Beləliklə, biz dərinlikdə və orta məsafədə zərbələr endirmək üçün ‘Starlink"indən fiziki olaraq istifadə edə bilmərik", - deyə Beskrestnov bildirib.
Ziddiyyətli açıqlamalar
İlon Maskın bəyanatını təhlil edən "Strana.ua" nəşri qeyd edib ki, bu açıqlama USQ üçün "Starlink"in sürətinin azaldılması məsələsini daha da qarışdırıb.
"SpaceX" rəhbəri şirkətin "Starlink" vasitəsilə hədəfə tuşlanan dronlarla insanlara zərbə endirmək imkanını blokladığını bildirib, lakin söhbətin konkret hansı hücumlardan getdiyini açıqlamayıb.
Nəşrin ehtimalına görə, söhbət Rusiyanın yeni bölgələrinə edilən hücumlardan gedə bilər. Həmin ərazilərdə "orta məsafəli zərbələr" zamanı tez-tez mülki şəxslər də hədəfə çevrilib.
"Strana.ua" rusiyalı hərbi müxbirlərə istinadən yazır ki, "Starlink"in sürətinin azaldılması barədə ilk məlumatların yayıldığı ötən həftədən etibarən bu cür zərbələrin sayı kəskin azalıb.


