"Şagirdlər planşetlə təmin olunmalı idi, amma..." — Məktəbli çantaları normadan dəfələrlə ağırdır

GÜNDƏM 18 sentyabr 2024, 15:12
 Şagirdlərin daşıdığı ağır məktəbli çantaları hər tədris ilinin başlanğıcında gündəmə gəlir. Çantalar hətta bəzən o qədər ağır olur ki, valideynlər də əziyyət çəkir. Hər fəndən qalın dəsrliklər, əlavə test kitabları, iş dəftərləri və digər materiallar çantaları ağırlaşdırır.

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, məktəbli çantası dolu vəziyyətdə şagirdin çəkisinin 10-15 faizindən çox olmamalıdır: 

“Amma dərsliklər, iş dəftərləri, əlavə vəsaitlər çantanı normadan 2-3 dəfə çox ağırlaşdırır. Bu da uşaqlarda skalioza səbəb olur, boy inkişafının qarşısını alır. 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulmuş hədəf və tədbirlərdən biri də ümumorta təhsil səviyyəsində, yəni 5-9-cu siniflərdə oxuyan uşaqların 2020-ci ilə qədər fərdi planşetlə təmin olunması idi. Amma bu baş vermədi. Çanta ilə bağlı problem daha çox ibtidai siniflərdədir. 9-11-ci siniflərdə artıq şagirdlər məktəbə kitab gətirmirlər, bəzən bir dəftərlə məktəbə gəlirlər. Yuxarı siniflərdə ümumiyyətlə məktəbə çanta ilə gəlmək ənənəsi aradan qalxıb. Aşağı siniflərdə ağır çanta problemini bəzi yeniliklər tətbiq etməklə həll etmək olar. Bir kitabda tədris ilinin 2-c i yarısında keçiləcək mövzular yer alır, yəni oktyabr-noyabr aylarında uşağın istifadə etdiyi kitabda bütün tədris ilinin materialı olur. Kitabları yarım illiklər üzrə çap etmək olar, bir çox ölkələrdə də belədir. Kitabları iki hissəli etmək olar. İş dəftərləri, əlavə vəsaitlərin əvəzinə planşet tətbiq olunsa, yaxşı olar. Bunun üçün böyük vəsait lazımdır, çünki ölkədə 1,7 milyon şagird var. Bu planın həyata keçirilməsi düşünürəm ki, zaman alacaq. Valideynlərin də diqqətli olması lazımdır. Uşaqların çantalarını yoxlamalıdırlar. Həmin gün cədvəldə olmayan dərsə aid kitab, dəftərləri uşaq çantadan çıxarmalıdır, buna da valideyn nəzarət etməlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top