Rəfiqələri ilə birlikdə kişilərlə əylənən qadından ərinə ismarış: “Bax, mən öz həyatımı yaşayıram”

KRİMİNAL 13 sentyabr 2024, 13:00
Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Əmir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demoktrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 17-də Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsində baş verib. 

Əmir orada yerləşən "Pioner" marketin yaxınlığındakı avtobus dayanacağın yan tərəfində boşanmaq ərəfəsində olduğu arvadı Kəmalə ilə aralarında yaranmış sözlü mübahisə zamanı, yəni zərərçəkmiş şəxsin həyat tərzinə diqqət etməsini irad tutması və sonuncunun ona "əcəb edirəm" ifadəsini işlətməsindən sonra cavab qaytarması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə onun burun nahiyyəsinə yumruqla zərbə vurub. 
Ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin qapalı yerdəyişən sınığı, burun nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib. 

Hadisəni törədən Əmirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Kəmalə ilə 2007-ci ildə evlənib, rəsmi birgə nigahdan 2 övladı var: “Kəmalə ilə aramızda ailə-məişət münasibətləri zəminində mübahisələr baş verib. Bu n mübahisələr səbəbilə 2023-cü ilin noyabr ayında Kəmalə məndən ayrılaraq valideynlərinin yanına getdi. Hazırda da orada yaşayır. Kəmalə boşanma ilə bağlı məhkəməyə müraciət edib, hazırda mediasiya prosesi gedir. Kəmalə hadisədən bir neçə gün öncə görüntülü zəng etdi. Həmin vaxt Kəmalə bir neçə rəfiqəsi ilə tanımadığım kişi cinsli şəxslərlə spirtli içki qəbul edirdi. Həmin göriintülü danışıq zamanı Kəmalə mənə “bax mən öz həyatımı yaşayıram” dedi, məni qıcıqlandıran hərəkətlərə yol verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 17-də, saat 11 radələrində “Karvan” ticarət mərkəzinin qarşısında olan zaman Kəmalənin 7 saylı marşrut avtobusu ilə hərəkət etdiyini, yanında da bir nəfər cavan oğlan olduğunu görüb: “Mən avtobusun arxasınca qaçmağa başladım. Aavtobus işıqforun qırmızı işığında dayandıqda mən də avtobusa əyləşdim. Bu zaman Kəmalənin yanında olan şəxs avtobusdan düşərək qaçdı. Mən Kəmaləyə yaxınlaşaraq övladlarımızın olduğunu, həyat tərzinə diqqət etməsini söylədim. Kəmalə düzgün etdiyini dedi. “Pioner” marketin qarşısında Kəmalə ilə birlikdə avtobusdan düşdük. Orada dayanacağın yan tərəfinə keçərək Kəmalə ilə söhbət etməyə başladım. Mən yenə də Kəmaləyə əxlaqlı həyat tərzi sürməsini söylədim. Kəmalə “əcəb edirəm” dediyindən əsəbləşərək sağ əlim ilə şillə zərbəsi ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurdum. Zərbənin təsirindən Kəmalə yerə yıxıldı. Mən də həmin yerdən uzaqlaşaraq oranı tərk etdim”.

Təqsirləndirilən şəxs deyib ki, onların arasında mübahisə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 45-ci məhəllə, "Pioner" marketin yaxınlığında yerləşən dayanacağın yan tərəfində baş verib, təxminən 2-3 dəqiqə davam edib: “Həmin vaxt ətrafda kiminsə olmadığını görməmişəm. Kənardan heç kim onlarınm yanına toplaşmayıb. Mübahisə vaxtı Kəmalə mənə heç bir cavab zərbəsi yetirmədi. Mübahisəyə səbəb rəsmi şəkildə boşanma ərəfəsində olduğum arvadımın yüngül həyat tərzi keçirməsi və bununla bağlı ona irad tutan zaman “əcəb edirəm” deyərək məni qıcıqlandırması olub. Əməlimdən peşmanam. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfimdən tam olaraq ödənilib. Zərərçəkmiş şəxslə barışmışam. Onun mənə qarşı heç bir şikayəti qalmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, 2023-cü ilin dekabr ayından əri Əmir ilə aralarında ailə daxili mübahisələr baş verdiyindən boşanmaq qərarına gəlib: “Hazırda Salyan Rayon Məhkəməsində boşanma prosesi gedir. Həmin vaxtdan etibarən uşaqlarım ilə birlikdə anama məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən evdə yaşayıram. Baş vermiş hadisə ilə bağlı bildirəm ki, həmin gün, saat 11 radələrində 7 saylı avtobus ilə Sumqayıt şəhər “Cavid” ticarət mərkəzinin qarşısı ilə hərəkətdə olan zaman dayanacaqda Əmir də avtobusa əyləşdi. Əmir mənə avtobusdan düşməyimi, söhbət etmək istədiyini desə də, ona etiraz etdim. Lakin Əmir təkid etdi və artıq məndən əl çəkməyəcəyini görərək “Pioner” marketin qarşısında avtobusdan düşdüm. Əmir də orada düşərək mənimlə danışmaq istədiyini dedi. Ona sonra danışacağımı dedim və marketin yaxınlığında olan köşkün yan tərəfindən keçən zaman anidən yumruqla burnuma bir zərbə vuraraq orada getdi. Zərbənin təsirindən burnum qanadı, dizlərim qatlandı və mən yerə yıxıldım. Oradan keçən tanımadığım şəxslər təcili tibbi yardım çağırdılar. Məni xəstəxanaya apardılar. Orada mənə ilkin tibbi yardım göstərildi”. 

Zərərçəkmiş bildirib ki, Əmirlə boşanmaq ərəfəsindədir və boşanmaq qərarı qətidir: “Mənim həyat tərzim ilə bağlı, həmçinin hadisə baş verən gün avtobusda yanımda cavan oğlan olması ilə bağlı Əmir doğru göstərməyib. Hazırda mənə dəymiş ziyan tam olaraq ödənilib, təqsirləndirilən şəxslə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Əmirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top