Qurban Qurbanov 15 yaşlı uşağı "Qarabağ"ın əsas komandasına cəlb eləyib.
Demokrat.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu açıqlama futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanlında yayımlanan “Futbolumuz” verlişində Ağdam klubunun baş məşqçisinin Amin Rzayevə güvənməsindən danışıb. Bildirib ki, təcrübəli mütəxəssis yeniyetmə müdafiəçini öz sərəncamına götürməklə, yeni nəslə geniş çığır açıb.
Qurban Qurbanovun məqsədi təkcə titul və uğur qazanmaqdan ibarət deyil. O, həm də akademiyada yetişən gəncləri diqqətdə saxlayır, yaxın gələcəkdə əsas komandada möhkəmlənmələrinə şərait yaradır. Yaxın keçmişdə Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Nihat Quliyev (hazırda “Səbail”də oynayır), Amin Ramazanov kimi futbolçular məhz əvəzedici komandadakı inamlı çıxışdan sonra əsas komandanın parçasına çevrilib.
Artıq növbə digərlərinə çatıb ki, onlardan biri də Amin Rzayevdir. Aminin 15 yaşı tamam olmayıb, 2009-cu ilin oktyabrın 12-də Bakıda dünyaya gəlib. Buna baxmayaraq, xoş gələcək vəd edir. Ən vacib xüsusiyyəti intizam qaydalarına əməl etməsidir ki, bu barədə Qurbanova məlumat verilib.
Sol ayağı işlək olan sol cinah müdafiəçisi həmyaşıdlarından fiziki göstəricilərinə görə seçilir. Taktiki-texniki davranışları da yaşına görə yüksək səviyyədədir.
Qurban bəy Rzayevi zaman-zaman əsas komandanın məşqlərinə cəlb edir, oradakı ab-havanı hiss etməsinə şərait yaradır.