“İnstagram”da arvadıma əxlaqsız mesajlar yazdığını gördüm” — MƏHKƏMƏ

KRİMİNAL 03 sentyabr 2024, 17:18
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 2000-ci il təvəllüdlü Fəqan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zümrüdə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 5-də Babək şəhərində baş verib. Fəqan özünə məxsus evdə mübahisə zəminində arvadı Zümrüdü döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, özüv Naxçıvan şəhərində növbəli iş rejimində işləyir: “Hadisə günü, səhər saat 8-də növbədən qayıdaraq dincəlmək üçün yatdım. Təqribən günorta saat bir və ya ikiyə işləmiş yuxudan oyandım. Ac olduğum üçün yemək yemək istədim. Buna görə arvadım Zümrüdü çağırdım. Həmin vaxt özüm  yatdığım otağın qapısı örtülü olub. Uşaq isə ağladığı üçün mətbəxə tərəf getdim. Oranın da qapısının örtülü olduğunu, qapını açanda Zümrüdün telefonu zaryatqaya taxaraq kiminləsə yazışdığını gördüm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu vaxt Zümrüd telefonu qoynuna qoyub: “Zümrüddən telefonu istədim. Telefonu mənə vermək əvəzinə “sən mənə niyə inanmırsan?” dedi. Ondan zorla telefonu aldım. Bu vaxt Zümrüd məni itələdiyindən ona iki şillə vurdum. Həmin vaxt telefonda Zümrüdün “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə iki nəfər ilə yazışdığını gördüm. Onların birinin Zümrüdə əxlaqsız mesajlar yazdığını gördüm. Bundan sonra Zümrüd başqa otağa keçərək və deyinə-deyinə “yaxşı edirəm, sən məni aldadırsan, mən də edirəm” dedi. Həmin vaxt da ona bir-iki şillə vurdum. Bundan sonra birinci qayınanama, sonra öz valideynlərimə zəng vurdum. Onları evimə çağırdım. Birinci öz valideynlərim, daha sonra isə qayınanam gəldi. Zümrüdün anası məsələni bildirəndə onun “yaxşı edir” cavabını verdi. Bundan sonra onlara “uşağı qoyun və evdə gedin” dedim. Onlar uşağı vermədiyindən polisə zəng etdim. Bundan sonra polis əməkdaşları gələrək bizi idarəyə apardllar. Orada izahatımızı aldılar”.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər də Zümrüd ilə aralarında çox mübahisə olub, bunun əsas səbəbi qayınanasının onların ailə işinə qarışması olub: “Son vaxtlar özüm yenə də ailəmin xatirinə Zümrüd ilə barışıq üçün addım atmışam. Həmçinin özüm və qohumlarım onun evinə getmik. Lakin qayınanam bizi qapıdan qovalayıb. Hadisə baş verən günü xatırlamama görə Zümrüdü dörd dəfə əlim ilə vurmuşam. Bunların ikisini üzündən, ikisini isə başqa yerindən vurmuşam. Özüm Zümdür “İnstagram”da yazışdığı adamı axtararaq tapmışam. Həmin şəxs Zümrüd ilə çoxdan əlaqəsinin olduğunu dedi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, özü qazi olub, 8 dəfə əməliyyat keçirib. Onun ifadəsinə görə, müharibədə gördükləri özünün psixologiyasını pozub: “Bu səbəbdən də hadisə vaxtı əsəblərimi idarə edə bilmədim. Əməlimdən peşman olmuşam. Zümrüd ilə barışıq əldə etmək üçün birinci dəfə özüm və bibim, ikinci dəfə isə əmim və onun arvadının onların evinə gedib. Həmçinin özüm Zümrüd ilə mesajlaşmışam, mənə anasının barışmağa imkan vermədiyini deyib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zümrüdün sözlərinə görə, Fəqan ilə 2021-ci ildə ailə qurub: “Demək olar ki, onunla normal yola getməmişəm, uşağıma görə ondan boşanmamışam. Hadisə günü özüm mətbəxdə yemək hazırlamışam. Həmin vaxt təqribən gündüz saat ikiyə işləmiş radələri olub. Mətbəxdə olan televizorun səsinin yüksək olduğundan Fəqanın səsini eşitməmişəm. Özüm başqa şəxslərlə yazışmışam, telefonu qəsdən açıq qoyaraq bunun Fəqanın görməsini istəmişəm. Çünki Fəqan dəfələrlə başqa qadınlarla mənə xəyanət edib. Hətta qadınlardan biri mənə zəng edərək Fəqanın iki aya kimi məndən boşanacağını və həmin qadını alacağını deyib. Özüm isə Fəqana “sən bu hərəkətləri tərgitməsən, mən də edəcəyəm” demişəm. Fəqan mənə xəyanətini davam etdirdiyindən özümün də ondan qisas almaq üçün tanımadığım başqa şəxslərlə sosial şəbəkədə yazışmlşam. Fəqanın mənə yaşatdıqlarını onun özünün də yaşamasını istəmişəm”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Fəqan telefona baxaraq yazışmaları görüb: “Bundan sonra məni döydü. Daha sonra isə mənim anamı və öz valideynlərini çağırdı. Onlar gələnə kimi Fəqan məni 5-20 dəfə hər yerimdən vurdu. Daha sonra Fəqanın valideynləri, mənim anam gəldi. Fəqan anama “qızını oğlan ilə tutmuşam” dedi. Onların yanında da məni vurdu. Bu hadisə 5-10 dəqiqə davam etdi. Daha sonra polis gəldi və bizi apardı. Fəqana qarşı şikayətçiyəm. Öz anam icazə versə belə onunla barışmayacam”.

Bu cinayət işinə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan 7 ay müddətinə islah işləri cəzasına məhkum edilib. İslah işləri cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, təqsirləndirilən şəxsin cəzasını əsas iş yeri üzrə çəkməsi müəyyən edilib. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top