Sumqayıtda ər arvadına xəsarət yetirdi

HADİSƏ 09 avqust 2024, 19:37
Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Mehdi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Firuzəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildə Firuzə ilə ailə həyatı qurub, birgə nikahlarından 3 övladları var: “Ara-sıra spirtli içki qəbul etmişəm. Bu zaman həyat yoldaşım Firuzə ilə aramızda mübahisələr yarandı. Sonuncu dəfə hadisə günü saat təxminən 22:00-da sərxoş vəziyyətdə yaşadığımız evə gəldiyim zaman Firuzə ilə biraz mübahisə etdim. Mübahisə zamanı Firuzənin bezdiyi üçün məndən boşanacağını bildirdiyi zaman yanımda olan taxta oturacağı götürərək qəsdən onun sol ayaq nahiyəsinə vurdum. Mübahisə zamanı evdə yalnız ikimiz olmuşuq. Aramızdakı münaqişə təxminən 3-5 dəqiqə olmaqla davam etdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehdi 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı yaşadığı ünvanı tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top