Prezidentin Londonda dediyi sözlər Azərbaycanın Avropa enerji bazarında lider faktoruna dönüşdüyünün təsbitidir

SİYASƏT 22 iyul 2024, 17:29
Bir ölkədən enerji asılılığının artması bu ölkəyə olan etimadın və güvənin göstəricisidir. Eyni zamanda iqtisadi əlaqələrin güclənməsi diplomatik münasibətlərə də ciddi təsir göstərən faktorlardandır. Prezident İlham Əliyevin 2027-ci ilin sonuna qədər Azərbaycanın Avropaya qaz təchizatını iki dəfə artıracağını deməsi bu tezisi bir daha təsdiqləyir. 

Son üç ildə Azərbaycanın Avropaya qaz təchizatını 5 milyard kubmetrə yaxın artırması inkişaf dinamikasının qorunduğunu və artım tempi ilə davam edəcəyindən xəbər verir. Bu isə Azərbaycanın Avropada enerji bazarının diversifikasiyası deməkdir. Əgər mövcud statistikaya nəzər salsaq, görərik ki, Azərbaycan 2021-ci ildə Avropaya 8 milyard kubmetr, 2022-ci ildə 11.4 milyard kubmetr, 2024-cü ildə isə 13 milyard kubmetr qaz ixrac edib. 

Ölkəmizin qaz rezervlərinin çox olması və mövcud infrastrukturun olması ümumixracın da artmasına təsirsiz ötüşmür və 2021-ci ildə ümumi ixrac həcmi 18 milyard kubmetr təşkil edirdisə, bu il 25 milyard kubmetr olması proqnozlaşdırılır. Şübhəsiz ki artmaqda olan bu göstəricilər Azərbaycandan qaz ixrac edən  ölkələrlə davamlı və sabit əməkdaşlıq üçün əsas səbəblərdəndir. Cənub Qaz Dəhlizi layihəsi və onun əsasında interkonnektor layihələr Azərbaycan qazının Avropa ölkələrinə ixrac potensialını artıracaq faktorlardır. Hazırda Azərbaycan təbii qazının ixrac olunduğu 8 ölkədən 5-nin Avropa ölkəsi olması, üçünün isə Aİ-yə daxil olmaq üçün namizəd ölkə olması, Aİ-nin Azərbaycana strateji tərəfdaş kimi verdiyi önəmin göstəricisidir. 

Rəsmi Bakı artan qaz təchizatını 2027-ci ilə qədər ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyir ki, bunun da öhtəsindən gələcəyi artıq mövcud statistikalardan görünməkdədir. Dövlət başçısının dediyi kimi, bizim sözümüz imzamız kimi keçərlidir. 

Azərbaycanın strateji tərəfdaş kimi etibarını və əzmini görən digər ölkələr də ölkəmizlə tərəfdaşlıqda xüsusi maraqlıdır. 

İtaliyanın hazırda 20 milyard kubmetr təbii qaza ehiyacı var və Azərbaycan bunun 9 milyard kubmetrini qarşılayır. 

Rəsmi Bakı ona uzanan dostluq və təfədaşlıq istəklərini də geri çevirmir. Bunu Sloveniya və Slovakiya kimi ölkələrin nümunəsində görürük. 

Dünyada ilklərə imza atması ilə tanınan Azərbaycan, enerji sahəsində də yeni bir ilkə imza atıb. Bu məsələ barədə danışan dövlət başçısı bildirib ki, 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşuları ilə birlikdə onu istismara verib. 

Təbii ki, Azərbaycan qazla bərabər neft də ixrac edir ki, burada da qardaş ölkə olan Türkiyə limanı önəmli rol oynayır. Özəlliklə Aralıq dənizində Ceyhan limanından Azərbaycan neftinin müxtəlif təyinat nöqtələrinə daşınması və xam neftimizdən asılı olan  həssas bölgələrə daşınması xüsusi vurğulanmalıdır. Bu məsələyə də toxunan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bəzi ölkələrdə Azərbaycanın xam neftinin istehlakı onların tələbatının 50% və ya daha çoxunu təşkil edir. 

Son üç ildə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa ölkələrinə edilən qaz nəqli Azərbaycanı Avropanın etibarlı təfədaşına çevirib və görünən odur ki, bu tərəfdaşlıq növbəti illərdə daha da intensivləşəcək. Dünyanın mövcud geosiyasi durumu və Azərbaycanın qalib dövlət statusu onun sorğusuz tərəfdaş imajını formalaşdırıb. Çünki qaliblər sorğulanmır. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun dediyi kimi: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu “sübuta yetirdi”.

Səhər Orucova
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar Kollecinin direktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top