Kirayə mənzillərlə bağlı SON VƏZİYYƏT — Qiymətlər ucuzlaşacaq?

GÜNDƏM 21 iyn 2024, 21:56

Paytaxtın kirayə mənzil bazarında qiymətlər "əl yandırır". Şəhərin mərkəzində birotaqlı mənzillərin qiyməti 600-800 manatdan başlayır. Elə ərazilər var ki, orada ümumiyyətlə, kirayə götürmək üçün boş ev tapmaq qeyri-mümkündür. 

Amma tələbələrin yay tətilinin başlaması ucuz qiymətə kirayə mənzil axtaranları sevindirə bilər. Ekspertlərin fikrincə, tələbələrin tətilə yollanması bazarda qiymətlərlə bağlı dəyişikliyə səbəb olacaq. 

Bu ehtimal nə dərəcədə doğrudur?  

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, tələbələrin əksər hissəsi kirayə qaldıqları evləri təhvil vermir: 

“Daşınmaz əmlak bazarı mövsümi hadisələrdən təsirlənir. Təbii ki, indiki vaxtda tələbələr təhsilini yekunlaşdırıb müvafiq olaraq evlərinə, rayonlara qayıdırsa, cüzi bir hissəsi kirayə qaldıqları evləri təhvil verir. Bir çoxu isə hətta kirayə qaldıqları evləri saxlayır, çünki başa düşürlər ki, daşınmaz əmlaklar ölkədə mütəmadi bahalaşır və bu da kirayə mənzillərin qiymətinə təsir göstərir. Bu baxımdan həmin evləri boş buraxmırlar. Hazırda kirayə mənzil bazarında müəyyən süstlük olsa da, bu, qiymətlərə ciddi təsir göstərməyib. Digər tərəfdən, abituriyentlərin nəticələri artıq elan olunur. Ali təhsil müəssisələrinə qəbul olan və yeni tələbə adını almış abituriyentlər artıq rayonlardan paytaxtda axışırlar ki, özlərinə münasib kirayə mənzil tapsınlar. Təbii olaraq bu qiymətlərin yenidən qalxması ilə nəticələnəcək”. 

Vüqar Oruc yayın sonu, payızın əvvəlinə doğru kirayə qiymətlərinin daha da bahalaşacağını qeyd edib: 

“Yəni sentyabra qədər, iyul və avqust aylarında qiymətlərin müəyyən qədər stabil qalacağına desək də, tədris dövrü yaxınlaşdıqca qiymətlərin bahalaşması baş verəcək. Hal-hazırda qiymətlərdə ucuzlaşmanın olduğunu demək düzgün olmaz. Çünki hazırda müəyyən sabitləşmiş qiymətlər mövcuddur və həmin qiymətlər bazara öz-özünü diqtə edir. Əmlakını kirayə üçün bazara çıxarmış mülkiyyətçilər də həmin qiymət tendensiyasını əsas götürərək endirim etmirlər. Bu baxımdan hesab edirəm ki, hazırda bazarda olan hər hansı bir qiymət enməsi kütləvi hal daşımır. Bu hər il təkrar olunan məsələdir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top