Türkiyəli yazar və jurnalist Yılmaz Özdil Azərbaycan-Türkiyə münasibətlərinə, Bakı ilə Təl-Əviv arasında hərbi əməkdaşlığa, eləcə də regionda baş verən siyasi proseslərə dair fikirlər səsləndirib. O, iki ölkə arasında münasibətlərin dini və məzhəbi yanaşmalar üzərindən deyil, milli maraqlar prizmasından qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Demokrat.az xəbər verir ki, Yılmaz Özdil Azərbaycanla Türkiyə arasında münasibətlərin pozulmasında maraqlı qüvvələrin olduğunu deyib.
"Dünyada bizi tək sevən ölkə Azərbaycandır. İki dövlət, bir millətik. Ancaq müşahidə edirik ki, Azərbaycanla aramızı vurmağa çalışırlar. Azərbaycanda məktəblərə başıörtülü daxil olmağın qadağan edilməsi ilə bağlı müzakirələrdən sonra iki ölkə arasında gərginlik yarandığı düşünülür. Halbuki son günlər dövlətlər arasında yaşanan əsas problemin səbəbi başqadır", – deyə jurnalist bildirib.
Özdil fikirlərini əsaslandırmaq üçün regionda baş verən hadisələrin xronologiyasına diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan İsraillə hərbi müdafiə sahəsində əməkdaşlıq sazişi imzaladığı gün Ermənistanda ticarət sərgisinin açılışı olub və tədbirdə Ermənistanla yanaşı, İran da iştirak edib. Jurnalist bildirib ki, sərgi İranın təşkilatçılığı ilə keçirilib.
"Yəni İran Ermənistanın, İsrail isə Azərbaycanın yanındadır. Çünki dövlətlər hadisələrə öz paytaxtlarından baxırlar. Türkiyədən başqa heç kim məsələlərə din və məzhəb pəncərəsindən yanaşmır. Hər kəs öz millətinin maraqlarını hesablayır. Biz isə diqqətimizi Fələstin və başörtüsü məsələləri ilə qarışdırırıq", – deyə o bildirib.
Türkiyəli jurnalist Fələstin rəhbərliyinin mövqeyini də tənqid edib. O, Fələstin prezidentinin Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü – 29 oktyabrda Kiprə səfər etdiyini və yunan prezidenti ilə görüşdüyünü xatırladıb. Özdilin sözlərinə görə, bu görüş Şimali Kipr Türk Cümhuriyyətinin tanınmaması və Kipr məsələsində yunan tərəfinin mövqeyinə yaxınlıq kimi qiymətləndirilə bilər.
"Biz bu fələstinlilərə görə Azərbaycanı üzürük. Azərbaycanla İsrail strateji tərəfdaşdır. İran əhalisinin yarısı Azərbaycan türkləridir. İsrail Azərbaycanla yaxınlaşmaqla həm İranı şimaldan əhatə edir, həm də Azərbaycanı İranın təzyiqlərindən qorumuş olur", – deyə Özdil qeyd edib.
O, İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, Fələstin rəhbərliyinin isə uzun illər Ermənistanın mövqeyinə yaxın dayandığını deyib. Jurnalistin fikrincə, Azərbaycan bu tarixi məqamları unutmur və hadisələrə rəsmi Bakının maraqları prizmasından yanaşır.
Özdil 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın istifadə etdiyi silahların böyük hissəsinin İsrail istehsalı olduğunu da qeyd edib. O bildirib ki, Azərbaycan 2012-ci ildən İsrail istehsalı olan silahlar alır və İsrailin hava hücumundan müdafiə sistemlərindən istifadə edir. Jurnalistin sözlərinə görə, İsrail dəfələrlə Azərbaycanın yanında olduğunu bəyan edib.
Türkiyə ilə Azərbaycanın təhlükəsizlik və müdafiə siyasətinə fərqli yanaşmaların olduğunu deyən Özdil Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərini də xatırladıb. O, bu alışın Türkiyənin F-35 proqramından kənarlaşdırılması ilə nəticələndiyini, eyni zamanda Ankaranın Qərb müdafiə sistemləri ilə münasibətlərinə təsir göstərdiyini bildirib.
Jurnalist Azərbaycanın isə İsraildən silah və müdafiə sistemləri almaqla Qərb texnologiyalarından istifadə imkanlarını genişləndirdiyini vurğulayıb. O, İsrailin neft idxalının təxminən yarısının Azərbaycanın payına düşdüyünü də bildirib.
"Hamı dünyaya öz paytaxtından baxır, Türkiyədən başqa. Fələstin və ərəb ölkələrinə görə Azərbaycanla aramızın vurulması yalnız İsrailin maraqlarına xidmət edə bilər", – deyə Özdil fikirlərini yekunlaşdırıb.
Yılmaz Özdil çıxışında Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Zəfər Gününün tarixi ilə bağlı qərarı da xatırladıb. Onun sözlərinə görə, əvvəlcə 10 noyabr Zəfər bayramı kimi müəyyənləşdirilsə də, sonradan tarix 8 noyabra dəyişdirilib.
Özdil bu qərarın Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfat etdiyi günlə bağlı olduğunu vurğulayıb:
"10 noyabr Mustafa Kamal Atatürkün vəfat etdiyi gündür. İlham Əliyev Zəfər Gününün tarixini 8 noyabra dəyişməklə bu həssaslığı nəzərə aldı. Bu, Türkiyəyə göstərilən hörmət idi. İnsan belə bir qardaşla arasını vuraramı?! Azərbaycan bir yana, dünya bir yana".


