Deputat: Fransanın rüsvayçı Makron erası öz sonuna yaxınlaşmaqdadır

XARİCİ SİYASƏT 21 iyn 2024, 11:22
Son illər ərzində Fransa hakimiyyət orqanlarında və kütləvi informasiya vasitələrində ölkəmizə qarşı çirkin, iftira və yalan dolu kampaniyalar həyata keçirilib, bu gün də davam etməkdədir. 
 
Belə ki, iki gün öncə Fransanın Le Point qəzeti erməni lobbisinin qulları olan Paris meri Ann İdalqo, İl-de-Frans regionunun rəhbəri Valeri Pekress, sabiq xarici işlər naziri Bernar Kuşner və digər ermənisevərlər Makrona müraciət edərək, yenidən utanmazcasına və həyasızcasına qondarma etnik təmizləmədən söz açıb, Ermənistana hərbi silah-sursat göndərdiyinə görə minnətdarlığını bildirib, orada Fransa qoşunlarını yerləşdirməyə çağırıb.
 
Bununla yanaşı, Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Fransa regionda destruktiv siyasətini açıq şəkildə nümayiş etdirir, Ermənistana öldürücü və hücum silahlarının tədarükünü davam etdirir, orada revanşist qüvvələrin baş qaldırmasına çalışır, bununla da məqsədli şəkildə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini sarsıdır.
 
Fransanın dünyanın müxtəlif yerlərində münaqişələri və müharibələri alovlandıran zəngin təcrübəyə malik olması, öz dənizaşırı ərazilərində qanunsuzluqlar və cinayətlər törətməsi Makron rejiminin siyasətinin əsl mahiyyətini əyani şəkildə nümayiş etdirir. Bu gün də Fransa müstəmləkəçilik irsinin köklü problemlərini həll etmək, daxilində baş verən narazılıqları və etirazları tənzimləmək əvəzinə onun aidiyyəti olmayan regionumuzda sülh prosesini pozmağa çalışır.
 
Və çox böyük... səhv edir, çünki makronsayağı siyasət və idarəetmə Fransanı artıq uçuruma gətirib çıxarıb, beynəlxalq aləmdə mövqelərini xeyli zəiflədib, ölkəsinin nüfuzunu, sözün əsl mənasında, yerə salıb. Fransanın Afrikadan qovulması, dənizaşırı ərazilərində güclü müqavimətlə üzləşməsi, Makronun partiyasının ümumavropa seçkilərində biabırçı və dağıdıcı fiaskoya uğraması, daxili parlament seçkilərində onun məğlubiyyətinin proqnozlaşdırılması bu prosesin yalnız başlanğıcıdır. Fransanın rusvayçı Makron erası öz sonuna yaxınlaşmaqdadır.
 
Bu arada isə Azərbaycan milli maraqlarına cavab verən siyasətini davam etdirəcək, sülh gündəliyini təşviq edəcək, Fransanın istənilən təxribatına mütənasib cavabını hökmən verəcəkdir.
 
Makron və onun göy qurşaqlı dəstəsi dərk etməlidir ki, ölkəmizin təhlükəsizliyinə və regionun sabitliyinə xələl gətirmək cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaqdır.
 

Kamran Bayramov
Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top