50 yaşlı kişi arvadını əxlaqsızılıqda ittiham etdi, anasına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 07 iyn 2024, 18:05
Bakının Xəzər rayonunda 1974-cü il təvəllüdlü Teymur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Tahirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Tahirə onun anasıdır və hazırda eyni ünvanda yaşayırlar: “Hadisə günü, saat 14:15-də yaşadığım evdə olarkən spirtli içki qəbul etdim. Sonra arvadım Şəhla ilə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb arvadım Şəhlanın işə rəfiqəsinin ərinin avtomobili ilə getməsi olub. Arvadım həmin avtomobil ilə işə getməməsini tələb etmişəm. Lakin Şəhla bu tələbə məhəl qoymadı. Mübahisə zamanı bizi sakitləşdirməyə çalışan anam Tahirə araya girdi. Mən isə əsəbləşərək Tahirəni əlim ilə vuraraq ona müxtəlif bədən xəsarətləri yetirdim”.

İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, hadisə günü, saat 14:15-də evdə olarkən oğlu Teymur ilə arvadı Şəhla arasında mübahisə baş verib: “Mübahisəyə səbəb gəlinim Şəhlanın işlədiyi iş yerinə rəfiqəsinin ərinin avtomobili ilə getməsi, Teymurun isə onun əxlaqsızlıqda günahlandırması olub. Mübahisə zamanı oğlum gəlinimin üzərinə hücum çəkdi. Mən isə oğlumu sakitləşdirməyə çalışdım. Lakin oğlum məni əli ilə qəsdən vuraraq müxtəlif bədən xəsarətləri yetirdi”.

Şahid qismində ifadə verən Şəhla qeyd edib ki, Teymur ilə 1995-ci ildə rəsmi ailə həyatı qurub, birgə nigahlarından 3 övladları var. Onun sözlərinə görə, hazırda eyni ünvanda yaşayırlar, yaşadıqları müddət ərzində dəfələrlə yaşadıqları evdə aralarında münaqişələr olub. 

Şəhla deyib ki, əri Teymur spirtli içki aludəçisidir, hər dəfə spirtli içki qəbul edərək əsasız yerə qısqanclıq zəminində münaqişə yaradıb.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Məhkəmə hökm çıxaran zaman belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş anasına ziyan tam ödənilib. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilmir. 

Bu qeyd olunanları nəzərə alan hakim sonda Teymurun barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top