Azərbaycan vətəndaşı iranlı Yavərin əlaltısına necə çevrildi? — MƏHKƏMƏ

KRİMİNAL 04 iyn 2024, 17:53
İran İslam Respublikasının vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Azər adlı şəxsin məhkəməsi başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azər İran İslam Respublikasının vətəndaşı Yavər adlı şəxslə və digər şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 9,932 qram psixotrop maddə metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 10,304 qram narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 14 ədəd təsir maddəsinin ümumi miqdarı 0,56 qram narkotik vasitə metadon həblərini, şəxsi istehlak miqdarından artıq miqdarda 3  bükümdə ümumi təmiz çəkisi 71,602 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib. 

Azər həmin narkotik vasitələri yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18-də yerləşən evinin sanitar qovşağına gətirib. O, satış məqsədilə metamfetamini, heroini və qurudulmuş marixuananı elektron tərəzi vasitəsilə hissələrə böldükdən sonra 14 ədəd metadon həbləri ilə birlikdə sanitar qovşağında şkafın üzərində olan şüşə balonu, plastik və kağız qablara qoyaraq saxlayıb. 

2022-ci ildə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Azər saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3 (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.4-cü (mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Masallı rayonunun Şatıroba kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır: “Heç yerdə işləmirəm. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirəm. Təxminən 6 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində özünü Yavər adı ilə təqdim edən İran vətəndaşı ilə tanış oldum. Yavərə narkotik vasitə və psixotrop maddələr istifadə etdiyimi bildirdim. Yavər məndən Whatsapp mobil nömrəmi istədi. Məndə nömrəmi verdim. Yavərlə əlaqə saxlayan zaman mənə ucuz narkotik maddələr və psixotrop maddələr təşkil edə biləcəyini və həmin maddələri Bakı şəhərində dediyi yerlərdən götürə biləcəyimi bildirdi. Mən də Yavərlə razılaşdım. Yavərdən təxminən 10 dəfəyə yaxın narkotik vasitə və psixotrop maddə aldım. Yavər mənə zəng edərək narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində qoydurduğu ünvanların fotoşəkillərini göndərdi. Mən də Yavərin ona göndərdiyi kart nömrə hesablarına müxtəlif məbləğlərdə pul göndərib, dediyi yerlərdən narkotik vasitə və psixotrop maddələri götürmüşəm. Yavərin göndərdiyi psixotrop maddə metamfetamini, narkotik vasitə heroin və metadon həblərini özüm qəbul edirdim. Narkotik vasitə qurudulumuş marixuananı isə özümdə olan elektron tərəzi ilə xırda bükümlərə bölüb Yavərdən növbəti dəfə narkotik vasitə və psixotrop maddə əldə etmək üçün müxtəlif şəxslərə hər bükümünü 10 manata satmışam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, narkotik vasitə və psixotrop maddələri yaşadığı yataqxanada otağına aid sanitar qovşağında saxlayıb: “Tutulmazdan 5-6 gün əvvəl Yavərin mənə fotoşəklini göndərdiyi kağız parçasında yazdığı kart nömrə hesabına 900 manat pul göndərdim. Həmin pul müqabilində Yavər Bakı şəhəri Əhmədli qəsəbəsi ərazisində qoydurduğu yerdə narkotik vasitə və psixotrop maddələr götürməyimi bildirdi. Həmin yerin fotoşəklini mənə göndərdi. Mən də həmin yerdən narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon həbləri və psixotrop maddə metamfetamini götürmüşəm. Evə aparıb istifadə edəndə həmin maddələrin təsirin zəif olduğunu gördüm. Bu barədə Yavərə zəng edərək dedim. Növbəti dəfə daha yaxşı narkotik və psixotrop maddələr təşkil etməsini dedim. Təxminən 2-3 gündən sonra Yavərlə danışdım və mənə fotoşəklini göndərdiyi kağız parçasında yazdığım kart nömrə hesabına 500 manat pul göndərdim. Yavər mənə təşkil etdiyi narkotik və psixotrop maddələri Bakı şəhəri "Şamaxinka" deyilən ərazidə binaların yaxınlığında qarajlın yanında qoydurduğunu bildirdi. Gecə saat 1 radələrində həmin yerə getdim. Yavərin təşkil etdiyi narkotik və psixotrop maddələri götürərək evə apardım. Sanitar qovşağında heroin və metamfetamini özümə qəbul etmək üçün xırda bükümlərə böldüm. Qurudulmuş marixuananı da isə satmaq məqsədilə bükümlərə böldüm. 14 ədəd metadon həblərlə birlikdə qablara qoyub saxladım. Özümə də 2 bükümdə metamfetamini istifadə etmək üçün əynimdə olan şalvarımın sağ yan kiçik cibinə qoyaraq saxladım”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib. Ona 7 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top