Nikahların 56 faizi qohumlar arasında baş tutur — Qohum evliliyi qadağan olunur?

GÜNDƏM 21 may 2024, 14:02
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib ki, irsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. O, ikinci dərəcəli qohumlar arasında nikahın qanunla qadağan edilməsi təklifi ilə çıxış edib. Deputatın fikrincə, qohum evlilikləri ölkəmizin genefonduna böyük zərbədir: “Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq işləyəcəkmi? O qədər gözəl qanun var, amma işlək mexanizm yoxdur”, - T.Cəfərova qeyd edib.

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, dünyada evliliklərin təqribən 20 faizi qohumlar arasında baş tutur.  O, Demokrat.az-a açıqlamasında deyib ki, dünya əhalisinin təxminən 12 faizi fiziki məhdudiyyətli şəxslərdir:



“Bu da çox vaxt məhz qohum evliliklərindən dolayı baş verir. Qohum evliliklərindən dünyaya gələnlər arasında xəstə insanların olma ehtimalı daha çoxdur. Azərbaycanda təxmini 56 faiz qohum evliliyi var.  Bu, əslində, böyük rəqəmdir. Düzdür, Azərbaycan daim ənənəvi cəmiyyət olub. Bəzən belə bir düşüncə olub ki, var-dövlət başqasına çatmasın, qohumla ailə qurmaq daha məqsədəuyğun hesab edilib. Ancaq bunun fəsadlarının fərqinə varmırdılar”. 

Sosioloq qohum evliliyinin əhalidə cırlaşmaya gətirib çıxardığını diqqətə çatdırıb:

“Bunun qadağan olunub, olunmaması məsələsi bir qədər müzakirə olunmalıdır. Çünki bir tərəfdən bunu qadağan edəndə insan hüquq və azadlıqlarını pozmuş olacağıq. Digər tərəfdənsə bu məsələ həm də ictimai təhlükə yaradır. Yəni qohum nikahları cəmiyyətə fəsad verdiyinə görə hüquqi tənzimlənməsinə ehtiyac var. Əvvəlcə araşdırma aparılmaldır ki, Azərbaycanda qohum nikahlarının səbəb olduğu xəstəliklər həqiqətən də kritik səviyyədədirmi? Yox, əgər bu statistika kritik həddə deyilsə, cəmiyyətin təhlükəsizliyini, genefondunu, sağlamlığını təhdid edəcək səviyyədə deyilsə, sərt hüquqi tənzimlənməyə lüzum olmayacaq. Bu baxımdan yaxşı olar ki, ilk olaraq ilkin statistik qiymətləndirilmə aparılsın. Yəni uşaqların, yeniyetmələrin, ümumiyyətlə, əhalinin sağlamlıq vəziyyəti qiymətləndirilsin və daha sonra yaxın qohumlar arasında olan xəstəlik və qüsurlar müəyyənləşdirilsin”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top