İlham Əliyev Şahbaz Şərifi təbrik etdi

SİYASƏT 23 mart 2024, 12:07
Prezident İlham Əliyev Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnində deyilir:

“Hörmətli cənab Baş nazir,

23 mart − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir və ən xoş arzularımı çatdırıram.

Pakistan Azərbaycanın yaxın dostu, qardaşı və etibarlı tərəfdaşıdır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və intensiv siyasi dialoq bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.

Qardaş ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığı və bir-birini dəstəkləməsi məmnunluq doğurur. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Pakistanın davamlı dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı hər zaman yüksək qiymətləndirir.

Hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı şərait mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top