“Pul çatandan sonra Rafael Xələfov yox olurdu” — MN-dəki 143 milyonluq mənimsəmə işi

KRİMİNAL 14 mar 2024, 15:50
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun icraatında keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov ifadə verib. 

O bildirib ki, Rəşad Məlikzadə ilə bağlı onun arasında kəsişən bir məqam yoxdur. General deyib ki, işlərin görülməsi ilə bağlı bir qayda olub, həmin qayada əsasında da işlər görülüb, bu qaydaları da təftiş və maliyyə rəisləri öz aralarında həll ediblər. 

Nizami Məmmədov qeyd edib ki, onun Rəşad Məlikzadə ilə heç bir əlaqəsi olmayıb, bununla bağlı istintaq zamanı da üzləşmələri olmayıb: “Burada 172 nəfərin adı var. Arada təftiş və maliyyə rəisləri işləyiblər. Onların arasında nə baş verib, bunu bilmirəm. Təftiş hərbi hissələrdə ildə bir dəfə aparılıb. Aparılan yoxlamalar zamanı ortaya çıxan neqativ halları yoxlamaya gedənlərlə maliyyə rəisləri həll edirdilər”. 

General bildirib ki, hərbi hissələrdə maliyyə hesabı hər ilin noyabr ayında müəyyən edilib: “Maliyyə smetası hərbi hissələrin maliyyə rəisləri tərəfindən hazırlanıb. Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş hesablar üzrə vəsaitlər ayrılıb. Həmin sənədlərdə əlavə vəsaitlər yazılıb, bunun da şəxsi heyyətə heç bir adiyyatı olmayıb. Mənim hər şeydən xəbərim var. Bütün vəsaitlər təyinatı üzrə verilib. Burada sistem belə qurulub. Əlavə vəsaitlərlə bağlı 30 faiz təftişə, 20 faiz isə maliyyələşəməyə çatıb. Bu qayda 1993-cü ildən, Milli Ordu qurulandan belə qoyulub. Mən 1998-ci ildə bu sahədə xidmət etməyə başlamışam. Həmişə belə görmüşəm. Bu pullar bəzi hallarda lazımı yerlərə təyinatı üzrə xərclənib. Bəzi hərbi hissələrin təminatında ayrılan pullar çatmırdı. Belə olan halda yığılan pullar həmin təyinatlar üzrə maddi ehtiyacı olan hərbi hissələrin təminatına xərclənirdi”. 

Nizami Məmmədov qeyd edib ki, xüsusi tapşırıq əsasında yığılan pulların maliyyə rəislərinə heç bir adiyyatı olmayıb. 

Bu zaman arayış verən Rəşad Məlikzadə deyib ki, təftişə verilən 30, maliyyələşməyə verilən 20 faiz vəsaitdən əlavə ondan xüsusi tapşırıqlar adı altında pul alınıb: “20, 30 faiz vəsaitinpulu ayrı olub, xüsusi tapşırıqların pulu da ayrı olub. Təftiş şöbəsinin rəisi Rafael Xələfov xüsusi tapşırıqlarla bağlı vəsaitin verilməsi üçün göstəriş verib. Bizdə icra etmişik. O, əmr edirdi, kimin nə ixtiyarı var idi ki, icra etməsin. Rafael Xələfov zəng edirdi ki, xüsusi tapşırıq var. Mən də digər maliyyə rəisləri ilə dəqiqləşdirirdim. Sonra da vəsaiti ona çatdırırlması üçün başqa-başqa zabitlərə verirdim. Rafael Xələfovun tapşırıqlarını qeyri-şərtsiz icra edirdik. Kim ona söz deyə bilərdi. Pul çatandan sonra Rafael Xələfov yox olurdu. Elə bil ki, Rafael Xələfov 11 ayın sultanı idi. Onu 12-ci ay tapa bilmirdik. Biz bütün tapşırıqları Rafael Xələfovdan alırdıq. Nizami Məmmədov mənə heç bir tapşırıq verməyib, onunla əlaqəm olmayıb”.

Daha sonra təqsirləndirilən Rəşad Məlikzadənin vəkilinin “Namiq Poladovun da dövründə  qayda belə olub” sualına Nizami Məmmədov “bütün dövrlərdə belə olub” deyə cavab verib. 

Nizami Məmmədov daha sonra qeyd edib: “Mən gələndən sonra maliyyələşmə şöbəsində təftişə vəsait 30 faiz oldu. Əvvəllər maliyyələşmədə vəsait az idi, təftişdə isə çox idi. Rafael Xələfov da gedib maliyyə rəislərini yükləyib, onlardan daha çox pul alıb. Bu da istintaq zamanı ortaya çıxdı. Mənim də, Rafael Xələfovun da ilkin ifadələrimiz uyğun gəlir. Necə ki, istintaqın gedişində maliyyə rəisləri ifadə verməyə başladı. Bu zaman da ifadələrdə ziddiyyətlər yarandı. Həmin maliyyə rəisləri verdikləri pullarla bağlı danışmağa başladılar. Rafael Xələfovun aldığı vəsaitlə, çatdırdığı vəsaitlər uyğun gəlmədi. Rəşad Məlikzadə də elə aldadılan şəxslərdən biri olub”.

Nizami Məmmədov deyib ki, işlə bağlı heç kimə ayrı seçkilik etməyib: “Hər kəsə eyni məsafəni qoymuşam. Hətta mənim qohumum da maliyyə də işləyib. Onunla bağlı da heç bir ayrı seçkilik etməmişəm. Deməmişəm ki, bu mənim qohumumdur. Gedib, onu da yoxlayıblar”. 

General əlavə edib ki, xüsusi tapşırıqlarla bağlı yığılan vəsaitlər bir qaydada aparılıb: “Bu işlər maliyyə rəislərinə aid olmayıb. Bununla bağlı mənimsəmələri mən öz üzərimə götürmüşəm. Xüsusi tapşırıqlarla bağlı mənimsənilən vəsaiti də özüm dövlətin büdcəsinə ödəmişəm. Amma istintaq zamanı müəyyən edilib ki, Rafael Xələfov bəzi maliyyə rəislərində xüsusi tapşırıq adı altında vəsaitlər alıb. Amma həmin vəsaitləri mənə çatdırmayıb. Burada isə problem bu qaydada olaraq qalıb”. 

Rəşad Məlikzadənin vəkili deyib ki, müvəkkilinə xüsusi tapşırıqlar adı altında vəsaitin ödənilməsi ilə bağlı 2 milyon manata yaxın mənimsəmə ittihamı verilib. Onun sözlərinə görə, ittihamda qeyd olunur ki, bu vəsaiti Rəşad Məlikzadə dəstənin digər üzvləri ilə əlbir olaraq mənimsəyib. 

Nizami Məmmədov deyib ki, 2 milyon manatın xüsusi tapşırıqlar adı altında mənimsənilməsinin ona adiyyatı yoxdur. Onun sözlərinə görə, Rafael Xələfov 2018-ci ildə xüsusi tapşırıqla Rəşad Məlikzadədən 500 min manat  gətirib. General deyib ki, onun alınan vəsaitlərlə bağlı qeydlər apardığı kitabı olub və kimdən nə alınıbsa, onların da qeydiyyatı aparılıb. 

Nizami Məmmədov istintaqa verdiyi ifadəsində Süleyman Abbasov və digər zabitin vasitəsi ilə ümumilikdə Rəşad Məlikzadədən 450 min manatın xüsusi tapşırıq adı altında ona çatdırılması barədə yazılanları təsdiqləyib. 

Növbəti proses aprelin 3-də davam edəcək. 

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Rəşad Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib. Daha sonra onun barəsində olan cinayət işi üzrə ayrıca icraatda araşdırma aparılıb. 

General-mayor Nizami Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birlikdə mühakiməsi ayrı icraatda davam edir. 

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2024, 12:22
Top