“Gürcüstana, Baltikyanı ölkələrə də məhsul ixrac edə bilərik” — İqtisadçı

GÜNDƏM 26 fev 2024, 19:43
 Bərdə rayonu Soğanverdilər kəndində tonlarla yerkökü əkilsə də məhsulun alıcısı yoxdur. “Baku tv” xəbər verir ki, kənddə həm yerli, həm də xarici sort yerkökü əkilir. Fermerlərin sözlərinə görə, məhsul boldur, qiymət də aşağıdır, bu da onun maya dəyərini ödəmir. 

İqtisadçı ekspert Akif Nəsirli Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün ilk növbədə fermerlərlə iş aparılmalı olduğunu deyir. Ekspert Demokrat.az-a açıqlamasında bildirib ki, dünya bazarlarının standartlarına uyğun məhsul istehsal edilməlidir:


“Adətən, fermerlər məhsulu azotla şişirtməyə həvəs göstərirlər. Bu isə onun tərkibində azotun miqdarını artırır, məhsul orqanikliyini itirir. Bizdə fermerlər növbəli əkin məsələsini aradan qaldırır, torpağı süni yemləmələrlə əkirlər. Rusiyada bunun elə də fərqinə varılmasa da Avropa ölkələrində tələbat orqanik məhsuladır. Ona görə də orqanik məhsul yetişdirilməlidir ki, ixracı da mümkün olsun. Yalnız Rusiya deyil, Gürcüstana, Baltikyanı ölkələrə də məhsul ixrac edə bilərik. Məhsulun bolluğu deyil, keyfiyyəti ön planda olmalıdır. Birinci yerli bazarı təmin etmək, daha sonra dünya bazarlarına çıxmaq lazımdır. Bakıda yer kökünü ən ucuz bir manata, çox yerdə isə bir manat 50 qəpik, iki manata alırıq, Bərdədə isə kiloqramı 10 qəpikdir. Fermerə bazara çıxmaq üçün imkanlar yaratmaq lazımdır”.

Qeyd edək ki, bu il Bərdədə 265 hektardan çox ərazidə yerkökü əkilib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top