“Narkoloq ixtisası üzrə məzunların sayı azdır” — Dispanserlərdə çətinliklər yaşanır

SOSİAL 23 fevral 2024, 18:14
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edilib. Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planını təsdiq edib və aidiyyəti üzrə icraya yönəldib.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı prinsipial mübarizə aparılır. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlər ictimai münasibətlərə tamamilə ziddir və cəmiyyətin təhlükəsizliyinə risk törədən amildir:

“Bununla bağlı dövlətin 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı var. Bunun əsasında hər bir dövlət qurumunun üzərinə müəyyən öhdəliklər qoyulub. Bu sahədə cinayətkarlığın dinamikasında artım müşahidə edilir. Daxili İşlər Nazirliyinin tarixində heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı belə bir mübarizə sərgilənməyib. 4 il bundan əvvəl təxminən 21 min cinayət qeydə alınıbsa, bu gün bu rəqəm 36 minə yaxındır. Cinayətlərin artmasının əsas səbəblərindən biri narkotik vasitələrin qanunsuz dövriyyəsi, digəri isə dələduzluq faktlarıdır. Qeydə alınmayan latent faktlar da var. Ümumilikdə 40 minə yaxın cinayət faktının olduğunu deyə bilərik”.

Ekspert bildirib ki, sərhədlərə nəzarət gücləndirilib, Dövlət Sərhəd Xidməti öz işini peşəkarlıqla həyata keçirir:

“Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin şəxsi heyətinin əməyi da danılmazdır. Düşünürəm ki, hava, su və quru yollarına nəzarət artırılmalıdır. Narkotik vasitələrdən gəlir əldə etmək məqsədilə istifadə edənlərə qarşı cəzalar sərtləşdirilməlidir. Bu, qəsdən törədilən cinayətlər sırasına aiddir. Cəza sanksiyalarında aşağı hədd olmamalıdır, cəza müddəti konkretləşdirilməlidir, 12, 13 və ya 15 il həddində müəyyənləşdirilməlidir. Cəza müddəti 7 ildən 12 ilədək müəyyən olunubsa, praktika göstərir ki, çox vaxt aşağı həddin  üzərində dayanılır. Bu da sosial ədalətin bərpasını bloklayır”.
Ş.Əliyev vurğulayıb ki, Azərbaycan Respublikası həm daxili normativ aktların tələblərinə, həm də beynəlxalq aktlar və konvensiyaların tələbləri daxilində narkomanlığa qarşı mübarizə həyata keçirir:
“Bəzən deyirlər ki, narkotik  vasitələrin qanunsuz dövriyyəsi halları artıb, əslində isə mübarizə sərtləşib, ona görə də daha çox fakt üzə çıxır. Təəssüfləndirici məqam odur ki, qadınların narkomanlığın yayılmasında payı artıb. Qadınların bu işə cəlb olunması nə adət-ənənələrimizə, nə dinimizə uyğundur. Qadınlar bu işlərdən çəkinməlidirlər. Cinayətləri törədənlər arasında gənclər çox yer tutmur, Avropa ölkələri ilə müqayisədə vəziyyət daha yaxşıdır.

Düşünürəm ki, orta məktəblərdə yeniyetmələrlə ciddi iş aparılmalıdır. Məktəblərdə, universitetlərdə narkoloqlar mühazirələr deməlidir, tədris proqramında buna yer ayrılmalıdır. Cəmiyyətə narkotikdən istifadənin zərərləri izah edilməli, bu əməldən insanları çəkindirmək üçün narkoloqlar, kriminalistlər, psixoloqlar və sosioloqlarla birgə fəaliyyət qurulmalı, konsepsiya ortaya qoyulmalıdır. Dispanserlərin sayı artırılmalıdır. Tibb Universitetində narkoloq ixtisası üzrə məzunların sayı çox azdır, bu da müəyyən mənada narkomaniyadan əziyyət çəkənlərin müalicəsində çətinlik yaradır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top