Tiktokeri öldürən şəxsin məhkəməsi başlayır

KRİMİNAL 22 fev 2024, 15:39
Yevlax rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən  1989-cu il təvəllüdlü Saleh Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
-ın xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Tural Əfəndizadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil. 

Qeyd edək ki, ötən ilin noyabrın 12-si Yevlax rayonu ərazisində 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun baş nahiyyəsindən xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Saleh Əliyevin Yevlax şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Əhməd Nəsibovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.  Əhməd Nəsibov parkda “Makarov” tapançası ilə başından vurulub. 

Qeyd edək ki, qətlə yetirilən şəxs TikTok-un aktiv istifadəçisi olub. O, həmin sosial şəbəkədə daha çox “azəri canavar” adı ilə tanınıb.

Hadisə Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək Əhməd və anası ilə görüşüb, onların nəvəsindən uzaq durmalarını tələb edib.

Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona çips verib və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib.

Bu dəfə Əhməd yenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına bıçaq dirəyərək, bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu hədələyib.

Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib. Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi Əhməd Nəsibovu taparaq onu odlu silahla qətlə yetirib.

Qeyd edək ki, Saleh Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşıdır.

Saleh Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top