“Silahı alanda dedi ki, ova getmək üçün alıram” — Hipermarketə silahlı basqınla bağlı YENİ FAKTLAR

KRİMİNAL 15 fev 2024, 14:32
Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasa təqsirləndirilən şəxslərin vəkilləri gec gəlməsi səbəbindən vaxtından gec başlayıb. 

Bu səbəbdən hakim Azad Məcidov iclasa gecikən vəkillərə xəbərdarlıq edib. Hakimin sözlərinə görə, məhkəmə iclası təyin olunmuş vaxtdan 38 dəqiqə gec başlayıb. Buna səbəb bəzi vəkillərin icalasa vaxtında gəlməməsi olub. 

Hakim məhkəmə iclasına gec gələn vəkillərə xəbərdarlıq etdiyini deyib və onların məhkəmə salıonunda gözləyən digər həmkarlarına hörmət etməyi məsləhət görüb: 

“Proses iştirakçıları bir-birinə hörmət etsinlər. Burada vəkillər saatlarla gözləməli olurlar. Biz ayrıca vaxt ayırırıq ki, bu işi araşdıraq. Həcmi böyük olan cinayət işidir. Amma belə getsə bu iş çox uzanacaq. Vəkillərin gec gəlməsi işin gedişinə mane olur”. 

Hakimin xəbərdarlıq etməsindən sonra ilk olaraq şahid qismində Xəndan Əliyev ifadə verib. 

O bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıb. 

Onun sözlərinə görə, Dəyanət Qüdrətov onların silah satışı mağazasında ovçuluq etmək məqsədilə silah alıb: 

“Amma səhəri gün bu hadisə baş verdi. Biz bütün qayda-qanunla silahı satmışıq. Daxili işlər Nazirliyinə yoxlama üçün müraciət edilib. Narkoloji testdən keçib, əvvəllər məhkum olmadığı müəyyən edilib. Bu araşdırma aparılandan sonra nazilikdən bizə silahın satılması ilə bağlı müsbət rəy verilib. Bundan sonra da biz silah Dəyanətgilə satmışıq. 

Dəyanət silahı almaq üçün müraciət edəndə bir saatdan çox sorğu-sual etmişik. Silahı nə məqsədlə almasını öyrənmişik. O da ovçuluq etmək məqsədilə silahı almaq istədiyini bildirib. Biz silahı dəqiqə deyə bilməsəm də, 3000, 3500 manata satmışıq. Həmin pulu da Əlövsət ödədi. 

Əlövsətdə Dəyanətlə bizim mağazaya gəlmişdi. Əlövsətin özü də ovçuluq mağazası işlədir. Amma onun mağazasına silah satmaq üçün lisenziya verilməyib. Bu səbəbdən ona müraciət edən Dəyanəti, bundan əvvəldə başqa müştəriləri bizim mağazaya silah almaq üçün yönləndirib”.

Bundan sonra dindirilən Zamiq Səfərəliyev bildirib ki, ovçular dükanını direktoru olub. 

Onun sözlərinə görə, işçiləri ona silah alan şəxslər barədə məlumat veriblər: 

“Ov tüfəngi almaq üçün sənəd təqdim ediblər. Həmin sənəd əsasında silah onlara satılıb”.

Vəkillərin suallarına cavab verən təqsirləndirilən Dəyanət Kərimov deyib ki, silahın alınması üçün verilən pul Ruhlan İsmayılovun olub: 

“Ruhlan pulu Əlövsətə vermişdi. Əlövsətdə həmin pul ona məxsus olmasını deyib və silah satan mağazanın işçilərinə ödəyib”. 

Bundan sonra şahid qismində adı keçən Əlövsət Bağırov ifadə verib. 

O bildirib ki, özünə məxsus ovçular dükanı var və həmin dükanı işlədir: 

“Dəyanət və Ruhlan silah almaq üçün mənə müraciət etdilər. Həmin vaxt mənim mağazamın silah satmaq üçün lisenziyası olmayıb. Onlar məndən əvvəlcə silah almağın yollarını öyrəndilər. Mən də onlara silah almaq barədə toplanan sənədlər barədə məlumat verdim. Ruhlan da silah almaq üçün Daxili İşlər Nazirliyinə müraciət etsə də, ona müsbət cavab vermədilər. Buna səbəb onun dəlixanada qeydiyyatın olması olub. 

Daha sonra silah almaq üçün Dəyanət sənəd gətirdi. Onunla söhbət zamanı dedi ki, özü polisə işə düzələcək, polis olmaq istəyir, hətta bununla bağlı sənədlərinin də müvafiq quruma təqdim etdiyini söylədi. Mən də onları silah satılması üçün Zamiqgilin dükanına apardım. Orada sənədləri yoxladıqdan sonra silahı satdılar. Pulu da mağazaya mən ödədim”.

Bu zaman tərəflərin Əlövsət Bağırovun Dəyanət Qüdrətov və Ruhlan İsmayılovla birlikdə silah satılan mağazaya getməsi, silahım pulunun onun tərəfindən ödənilməsi barədə suallara belə cavab verib: 

“Bu şəxslər müştəri kimi mənə müraciət etmişdilər. Mən də onları həmin mağazaya aparmışam. Səbəb isə onların silah alması ilə bağlı mənə faiz verilməsi olub. Mən əvvəllərdə həmin mağazaya müştəri aparmışam. 

Səbəb isə qazanc əldə etməyim olub. İndi hamı belə işləyir. Mən müştəri ilə getməyəndə isə mənə oradan faiz vermirdilər. Deyirdilər ki, müştərinin özü gəlib. Buna görə də məcbur qalaraq mən müştəri ilə həmin mağazaya getmişəm”.

Daha sonra ifadə verən Eyvaz Əliyev bildirib ki, bu hadisədən 5-6 ay əvvəl maşının satıb. 

Onun sözlərinə görə, maşının bazarda satdığı üçün kimin aldığını bilməyib. 

Qeyd edib ki, sonradan ifadə alınması üçün prokurorluğa çağırılıb: 

“Prokurorluqda bildim ki, həmin mənim satdığım maşınla “Bravo”da baş verən hadisə yerinə gediblər. Orada həmin maşında olan şəxslər adam öldürüblər. Mənim başqa heç bir məlumatım yoxdur”.
 
Digər şahid Elvin Abdullayev bildirib ki, hadisə baş verən vaxtı “Bravo”da mühafizə rəisi işləyib: 

“Birdən səs-küy gəldi. Elə bildim ki, partlayış oldu. Şüşənin qırılmasından çölə çıxdım. Gördüm ki, inkassatorla gələn şəxslərə atəş açılıb. Mən burada təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıram. Onu da mağzanın kamerlarına baxarkən görmüşəm. Gördüm ki, iki nəfər qaçır. Birinin əlindən tapança, digərinin də avtomat var. Kameradan baxanda gördüm ki, Dəyanət silahdan atəş açmaq istəyir. Digər şəxsin isə (əməliyyat zamanı məhv edilən Ruhlan İsmayılovu nəzərdə tutur – red.) avtomatdan atəş açması kameralara düşmüşdü. Kameralara baxanda onun atəş açmasının şahidi olmuşam”.

Daha sonra təqsirləndirilən Səbuhi Qurbanovun vəkili Cavanşir Qasımzadə vəsatətlə çıxış edib. 

O bildirib ki, müvəkkili ibtidai istintaqın sonunda müstəntiqini təzyiqi altında cinayət işinin materialları ilə tanış olması üçün sənədlərə imza edib. 

Vəkil deyib ki, Səbuhi Qurbanova cinayət işi ilə təkrar tanış olması üçün şərait yaradılmalıdır. 

Hakim isə deyib ki, təqsirləndirilən Səbuhi Qurbanovun istintaq dövründə vəkili olmuş İqbal Həsənovla birlikdə cinayət işi ilə tanış olması üçün sənədlərə imza ediblər. Bu barədə də müstəntiqin qərarı var. 

Hakim deyib ki, narazılıq varsa, o zaman müstəntiqin həmin qərarından şikayət edə bilərlər.
Növbəti proses fevralın 21-də davam edəcək.

İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub. 

Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top