Orqanları insanlara köçürülə bilən donuz yetişdirildi

MARAQLI 13 fev 2024, 08:22
Yaponiyada ilk dəfə olaraq, geni dəyişdirilmiş donuz uğurla yetişdirilib, onun orqanları sonda insanlara köçürülə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Meydzi Universitetinin tabeliyində fəaliyyət göstərən "PorMedTec" şirkəti məlumat yayıb.

Əvvəlcə yerli biotexnologiya şirkəti tərəfindən ABŞ-da ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi) məqsədilə geni dəyişdirilmiş donuzların yetişdirilməsi üçün müvafiq texnologiya hazırlanıb. Yapon mütəxəssislər ABŞ-dan gətirilən hüceyrələrdən istifadə edərək donuz balasını uğurla klonlaya biliblər.

Vurğulanır ki, gələcəkdə orqanlarının insanlara köçürülməsi planlaşdırılan geni dəyişdirilmiş donuz Yaponiyada ilk dəfə doğulub.

"Donuz balasının sağ-salamat doğulmasından məmnunuq, lakin bu, yalnız başlanğıcdır. Yaponiyada ksenotransplantasiyanın klinik tətbiqi ilə bağlı müzakirələrin irəliləyişini səbirsizliklə gözləyirik. Biz tədqiqatlarımızı davam etdirəcəyik, eyni zamanda, ilk növbədə, təhlükəsizliyə diqqət yetirəcəyik. etika ilə bağlı məsələləri müzakirə etməyə davam edirik", - NHK telekanalı Meydzi Universitetinin professoru və “PorMedTec”in direktoru Hiroşi Naqaşimadan sitat gətirir.

Artıq 2024-cü ildə yapon mütəxəssisləri geni dəyişdirilmiş donuzdan meymunun bədəninə orqanların köçürülməsinə başlamağı gözləyirlər – bu, insan orqanizminə transplantasiya arasında aralıq mərhələdir. (Report)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top