Otellərin qiymətində kəskin bahalaşma gözlənilir?

İQTİSADİYYAT 30 yan 2024, 09:38
2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3 faiz artaraq 3422,3 min olub.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, gecələmələrin ümumi sayının 57,6 faizi Bakıda, 5,5 faizi Qubada, 4,7 faizi Xaçmazda, 4,2 faizi Naftalanda, 4,0 faizi Qəbələdə, 3,9 faizi Qusarda, 3,7 faizi Şabranda, 3,2 faizi Lənkəranda, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi İsmayıllıda, 0,9 faizi Şamaxıda, 0,8 faizi Şəkidə, 0,6 faizi Şuşada, 0,5 faizi Mingəçevirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 33,7 faiz artaraq 1864,0 min olub ki, bu da ümumi gecələmələrin 54,5 faizini təşkil edir.

Sual ortaya çıxır. Bu vəziyyət qiymətlərin artmasına səbəb olacaq?

Məsələyə münasibət bildirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, bu artım pandemiyadan öncəki göstəricilərə çatmaq demək deyil:

"Hələlik ümumi bazarın bərpası tam yekunlaşmayıb. Ona görə qiymət artımından söz aça bilmərik. Gecələmələrin bütöv sayının 60 faizə qədəri Bakıda qeydə alınıb. Bu göstəricinin yüksək olmasının isə əsas səbəbi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının daha çox sərnişin qəbul etməsi ilə əlaqəlidir. 

Hər il bazara yeni hotellər daxil olur. Bu qiymətləri tənzimləyir. Fikrimcə, hotellərin qiymətində artım olmayıb. Ola bilər ki, tələbə görə Bakıda yerləşən beş ulduzlu hotellərdə qiymətlər bahalaşıb. Bu da keyfiyyətin yüksək olması ilə bağlıdır. Ancaq ümumi götürsək, hotellərin qiymətində ciddi artım baş verməyib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top