26 yaşlı oğlan qısqanclıq edən arvadına xəsarət yetirdi

HADİSƏ 04 dek 2023, 19:25
Biləsuvar rayonunda 1997-ci il təvəllüdlü Fəqan ailə münaqişəsi zəminində həyat yoldaşı Lətafətə (adlar şərti  verilib –red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 31-də Biləsuvar rayonu Nərimankənd kəndində baş verib. 

Fəqan yaşadığı evin həyətində arvadı Lətafət ilə  mübahisə edib. Ailə münasibətləri zəminində Fəqan yumruqla bir neçə dəfə arvadının sifət nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Lətafət onun arvadıdır: “Biz 4 ildir ki, evliyik. Bu evlilikdən bir azyaşlı övladımız var. Avqustun 31-də arvadım ilə birlikdə qardaşı Səidin övladlarını Biləsuvar rayonuna gətirmək üçün Lənkəran rayonuna getdik. Biz uşaqları götürüb geri qayıdan zaman yolda arvadım məndən yoldakı marketdən içməli su və digər ərzaq məhsulları almağımı xahiş etdi. Arvadıma üstümdə olan pulun az olması səbəbindən xahişini yerinə yetirə bilməyəcəyimi dedim. Bu səbəbdən avtomobildə aramızda sözlə mübahisə oldu. Biz evimizə çatdıq. Evdə təkrar müxtəlif səbəblərdən mübahisə başladı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı Lətafət ona əsassız qısqanclıq edərək digər qadınlarla münasibəti olmasını iddia edib: “Mübahisəni bitirmək üçün evdən çıxmaq qərarına gəldim. Daha sonra avtomobilimə əyləşərək həyətdən çıxmaq istəyən zaman Lətafət darvazanı avtomobilə çırpmaq istədi. Bunu görən kimi avtomobildən düşərək Lətafətin üzərinə getdim. Ona hərəkətlərinə fikir verməsini bildirdim. Lətafət mənə məhəl qoymayaraq təkrar qışqıran zaman isə əsəbləşdim. Yumruqla Lətafətin sifət nahiyəsindən bir dəfə vurdum. Lakin Lətafət hərəkətlərinə davam etdiyi üçün onun qolundan tutaraq evə saldım. Daha sonra evi tərk etdim”. 

Fəqan deyib ki, bundan sonra da hər gün aralarında sözlə mübahisə olub: “Sentyabrın 6-da Biləsuvar şəhəri ərazisində yerləşən “Bol” marketdən ev üçün bazarlıq etdim və yaşadığım evə gəldim. Evdə Lətafət alınan əşyaların qəbzinə baxanda əlavə ərzaq məhsullarının alınmasını gördü. Həmin məhsulları kimə almağımı soruşdu. Lətafətə həmin məhsulları mən almadığımı, marketdə səhv qəbzin sellofanına atılmasını dedim. Lətafət mənə inanmadı və əsassız qısqanclıq etdiyi üçün yenidən aramızda mübahisə yarandı. Bu səbəbdən Lətafətin atasına zəng edərək evə çağırdım. Bir neçə saat sonra Lətafətin valideynləri bizə gəldi və arvadımı özləri ilə apardılar. Onlar qızının günahının olmadığını dedilər”. 

İş üzrə zərərçəkmiş Lətafətin sözlərinə görə, 2019-cu ilin noyabr ayından Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Fəqan ilə ailə həyatı qurub: “Bizim bu nikahdan 1 azyaşlı övladımız var. Ailə qurandan 5 ay sonra bizim aramızda narazılıqlar başladı. Fəqan məni mütəmadi olaraq həmişə təhqir edərək döyməyə başlayıb. Lakin ailəmin dağılmaması üçün nə valideynlərimə, nə də polisə bu barədə məlumat verməməmişəm. Ərimin valideynləri 1-ci qrup əlil olduğundan onların hər işini mən görmüşəm. Buna baxmayaraq evdə həmişə söz-söhbət olub”. 

Zərərçəkmiş deyib ki, avqustun 31-də əri Fəqan Lənkəran rayonundan evə çatandan sonra onunla heç bir səbəb olmadan mübahisə yaradıb və onu yumruqla göz nahiyəsindən, boynundan, başından vuraraq döyüb: “Mən ailəmdə narahatlıq yaranmasın deyə döyülməm ilə bağlı heç kimə heç bir söz demədim. Sentyabrın 6-da atamla anam yaşadığım evə gəldilər. Valideynlərim sifətimdə olan ləkələri gördülər. Məndən sifətimdəki xəsarətlərin hansı səbəbdən yaranmasını soruşdular. Mən də ərim tərəfindən döyüldüyümü bildirdim. Bundan sonra atam məni rayon xəstəxanasına və polis bölməsinə apardı”. 

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Fəqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top