“Məktəblərdə kamera quraşdırılması üçün şagirdlərdən vəsait yığılmamalıdır” — AÇIQLAMA

GÜNDƏM 20 noy 2023, 14:56
Milli Məclisin deputatı Rüfət Quliyev özəl məktəblərdə müşahidə kameralarının quraşdırılmasını təklif edib.

Yenisabah.az-a danışan millət vəkilinin fikrincə, bu yolla rəhbərlik və valideynlər uşağın nə etdiyini və müəllimlərin onunla rəftarını izləyə bilərlər, həm də məktəblərdə şagirdlər arasında özbaşınalıq halları azalar:


“Ölkənin bir çox məktəblərinin şagirdlərin bir-biriləri, həmçinin müəllimlərin şagirdlərlə davranışları və bunun fəsadları haqqında çoxumuz məlumatlıyıq. Məktəblər kameralaşdırılsa, bu problemlərin aradan qalxacağı, azalacağı şübhəsizdir. Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Doğrudur, bir çox məktəblərdə dəhlizlərdə kamera sistemi quraşdırılsa da, siniflərdə yoxdur. Buna görə də sinif otaqlarında şagirdlərin və müəllimlərin davranışları nəzarətdən kənar qalıb”.

Təhsil eksperti Elçin Süleymanov da Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib: 



“Məktəblərin bir çoxunda, xüsusilə, paytaxt məktəblərində onsuz da kamera sistemi var. Düşünürəm ki, bu, təhsilin və nizam intizamın güclənməsinə kömək edir. Kameradan izlənildiyini bilən şagird həm davranışlarında daha diqqətli olur, həm də dərslərinə məsuliyyətlə yanaşır. Sadəcə proses şəffaf olmalıdır və buna görə şagirdlərdən vəsait yığılmamalıdır. Kamera sistemi məktəbin daxili imkanları hesabına qurulmalıdır. Kamera sistemi ilə təchiz edilməyən məktəblərdə də bu məsələyə diqqət ayrılsa, yaxşı olar, baş verən xoşagəlməz hallar aradan qalxar. Bölgə məktəblərində də bu məsələ diqqətdə saxlanılmalı, çatışmazlıqlar aradan qaldırılmalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top