Soyad sonluqları: “Millətin kimliyini göstərən ilk əlamətdir” — Nəyi seçməliyik?

SOSİAL 01 noyabr 2023, 17:07
“Bəzi adamlar övladlarının, nəvələrinin soyadlarını guya milliləşdirirlər. Özlərinin "-ov", "-yev"lə qurtaran soyadlarını balalarınınkında dəyişdirib "milli" formaya keçirirlər.

Əsasən də bu şəkildə: Cəfərquliyev – Cəfərquluzadə, Həsənov – Həsənzadə, Baxışov – Baxışzadə, İmanov – İmanzadə, Manafov – Manafzadə, Qulamov – Qulamzadə, Abbasov – Abbaszadə, Əliyev – Əlizadə, Hüseynov – Hüseynzadə, Məmmədov – Məmmədzadə, İbrahimov – İbrahimzadə, Kərimov isə Kərimzadə...

Burada konkret kiminsə soyadını nəzərdə tutmuram, gündəlik həyatımızda rast gəlinən nümunələrdən yadımda qalanları qeyd edirəm.
"-zadə" nəyə görəsə bizim camaatın qulağına xoş gəlir”.

Demokrat.az
xəbər verir ki, bunu tanınmış jurnalist Kərim Kərimli feysbuk hesabında yazıb. 

O, fikirlərinə belə davam edib:
 
“Amma, nədənsə "-lı", "-li", "-lu", "-lü" çöçün gəlir. Yəqin bu "çöçün"ün də bir səbəbi var...

Görəsən nədir o səbəb ki, bu qədər qüdrətlidir və övladının soyadını rus sonluğundan xilas etmək istəyən insanı "götürüb" fars soyadı "sahil"lərinə "atır"???!!!...”

Dörd variantlı “-lı” şəkilçisinin milli mənşəli olduğu məlumdur. “-zadə” sonluğu ilə bağlı fikirlər isə təzadlıdır. Soyadlarla bağlı aktual mövzuya Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk aydınlıq gətirib.



O, Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan gəncliyinin milli şüuru və vətənsevərlik duyğusunun formalaşmasında milli adlar və soyad sonluqları mühüm əhəmiyyət kəsb edir: 

“Çünki soyad sonluğu millətin kimliyini göstərən ilk əlamət sayılır. Uzun illərdir ki, adlar və soyadlarla bağlı qanun layihəsi ətrafında geniş müzakirələr gedir, lakin hələ də “könüllülük prinsipi” əsas götürülür. Hesab edirəm ki, soyad sonluqlarının milliləşdirilməsi vətəndaşa geniş seçim imkanı tanımaqla yanaşı, məcburilik prinisipinə əsaslanmalıdır. Milli adı vətəndaşa sadəcə tövsiyə etmək olar, lakin milli soyad sonluqları məcburi xarakter daşımalıdır”.

Dilçi alimin fikrincə milli soyad sonluğu bizi həm də azərbaycançılıq məfkurəsində birləşdirir:
 
“Bilirsiniz ki, Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində Adlar və Soyadlar üzrə Xüsusi Komissiya fəaliyyət göstərir. Komissiya bununla bağlı yeni bir tövsiyə sənədi hazırlayıb. Bu sənəd Nazirlər Kabinetinə və Milli Məclisin  müzakirəsinə təqdim edilib. Lakin bununla bağlı bu vaxtadək heç bir qanun layihəsi qəbul edilməyib”.
 
Bu gün vətəndaşların tövsiyə olunan variantlardan hansına üstünlük verməsinə gəlincə isə Ş.Göytürk bildirib ki, bununla bağlı sosial şəbəkə platformalarında müxtəlif sorğular keçirilib: 

“Sorğulardan birində 7 variant təklif edilmişdi: 1. Sonluqsuz; 2. - soy soyad sonluğu; 3. -zadə; 4. –lı4;    5. oğlu 6. - ov (-yev); 7. – gil. Maraqlıdır ki, sorğuda ən çox bəyənilən soyad sonluqları elə həmin ardıcıllıqla sıralanmışdır. -ov (-yev) və -gil soyad sonluqları sonuncu yerdə qiymətləndirilsə də, reallıqda əksər vətəndaşlarımız hələ də - ov (-yev)  soyad sonluqlarını daşıyırlar”.
 
Müsahibimiz hesab edir ki, soyad sonluqları ilə bağlı qanun qəbul edildikdən sonra bu sahədəki mövcud boşluqlar tədricən aradan qalxacaq:

““zadə” soyad sonluğu fars mənşəlidir, tərcümədə “oğlu” deməkdir. Doğrudur, əvvəllər də bizdə “zadə” sonluğundan geniş istifadə olunub. İranda olan “zadə” soyadlı insanların hamısı türkdür, azərbaycanlılardır. “zadə” sonluğu Tacikistanda da var, onlar tacikdirlər. Lakin İran adlanan ərazidə yaşayan “zadə”lər əsasən azərbaycanlılardır. Söhbət milli soyad sonluğundan gedirsə, özünü azərbaycanlı hesab edən hər kəs sonluqsuz forma, eləcə də -lı4, -soy, -gil, -oğlu sonluqlarından birini seçə bilər”.  


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 avqust 2025, 10:48
05 avqust 2025, 10:40
Top