Universitetlərin reytinq fırıldağı: Cəmiyyət necə aldadılır? — DETALLAR

GÜNDƏM 11 oktyabr 2025, 19:14
“Azərbaycan ali təhsil sistemində son illər beynəlxalq reytinqlərə daxil olma tendensiyası müəyyən dinamika yaratsa da, bu nəticələrin ictimaiyyətə təqdim edilmə forması çox zaman manipulyativ xarakter daşıyır və gerçək keyfiyyət göstəricilərini gizlədir. Təhlil göstərir ki, universitetlərimizin “dünya reytinqinə düşməsi” əsasən texniki və formal göstəricilərlə əldə olunur, lakin bu, elmi potensialın, tədris keyfiyyətinin və beynəlxalq akademik nüfuzun real artımını ifadə etmir”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, rəsmi məlumatlara əsasən, 2025-ci il Times Higher Education (THE) reytinqində Bakı Dövlət Universiteti 1501+, Azərbaycan Dövlət İqtisad Universiteti isə 900–1000 diapazonunda yer alıb. İlk baxışda bu, uğur kimi təqdim edilir:

“Lakin müqayisə göstərir ki, həmin pillələrdə Qana, Keniya, Tanzaniya, Nepal və Nigeriya kimi inkişaf etməkdə olan ölkələrin universitetləri də eyni göstəricilərlə yer alır. Məsələn, University of Nairobi və University of Dar es Salaam bu sıralamada eyni diapazonda olsalar da, onların illik elmi nəşr sayı 2500-dən çox, beynəlxalq əməkdaşlıq layihələrinin sayı isə 100-dən yuxarıdır. Azərbaycan universitetlərinin isə 2024-cü ildə Scopus və Web of Science bazalarında cəmi 870 məqaləsi qeydə alınıb ki, bu da region ölkələri — Qazaxıstan (4500), Gürcüstan (2200), Özbəkistan (1900) göstəricilərindən dəfələrlə aşağıdır.

“Təhsil haqqında” Qanunun 14-cü maddəsinə görə, ali təhsilin əsas vəzifələrindən biri “elmi-tədqiqat fəaliyyətinin inkişafını təmin etmək”dir. Amma reallıqda universitetlərdə elmi tədqiqat sahəsi ya formal xarakter daşıyır, ya da idarəetmə strukturları bu istiqaməti prioritet hesab etmir. Bəzi rektorluqlar reytinqə düşmək üçün süni şəkildə xarici elmi bazalarda öz adlarını qeyd etdirir, bir sıra hallarda isə akademik əməkdaşlıqlar yalnız “ad mübadiləsi” səviyyəsində qalır. Yəni reytinq sistemi mahiyyətcə elmi rəqabət deyil, “reputasiya oyunu”na çevrilib”.

Ekspert qeyd edib ki, universitetlərin sayının çoxluğu keyfiyyətin süni şəkildə parçalanmasına səbəb olur.:

“Hazırda Azərbaycanda 43 ali təhsil müəssisəsi fəaliyyət göstərir, halbuki onların yalnız 12-si minimum beynəlxalq akademik göstəricilərə cavab verir. Qalanları əsasən tələbə qəbulu və diplom paylanması ilə məşğul olur. “Elm haqqında” Qanunun 3-cü maddəsində göstərilir ki, elmi fəaliyyət təhsil prosesinin tərkib hissəsi olmalıdır, amma ölkədə fəaliyyət göstərən universitetlərin yarısından çoxu elmi fəaliyyətlə məşğul deyil. Bu o deməkdir ki, on minlərlə tələbə yalnız təkrarolunan, praktik faydası az olan biliklərlə ali təhsili başa vurur.
Dünya təcrübəsi bu məsələdə tam fərqli yanaşma göstərir. Məsələn, Finlandiyada cəmi 5 dövlət universiteti, Estoniyada 6, İrlandiyada 8 universitet fəaliyyət göstərir. Lakin həmin universitetlər beynəlxalq səviyyədə reytinqlərin ilk 300-lüyündə təmsil olunur, çünki dövlət azsaylı, amma yüksək səviyyəli universitet modeli seçib. Onların məqsədi rəqəmləri artırmaq yox, elmi məhsuldarlığı dərinləşdirməkdir. Azərbaycanda da bu istiqamətdə universitetlərin konsolidasiyası — yəni birləşdirilməsi və ixtisaslaşması zəruridir. Məsələn, regional universitetlər birləşdirilərək “Milli Tədqiqat Universitetləri” formatına salınarsa, həm resurslar optimallaşar, həm də elmi fəaliyyət mərkəzləşər”.

Kamran Əsədovun sözlərinə görə, universitet rəhbərliklərinin manipulyasiyası isə əsasən kommunikasiya səviyyəsində özünü göstərir:

“Onlar “reytinqə daxil olmaq” faktını tədris və elmi nailiyyət kimi təqdim edir, lakin reytinqin hansı göstəricilər əsasında formalaşdığını cəmiyyətə izah etmirlər. Times, QS və CWTS Leiden reytinqləri yalnız elmi nəticələri deyil, həm də reputasiya, beynəlxalq əməkdaşlıq və sənaye gəlirləri göstəricilərini hesablayır. Universitetlər bu indikatorlardan bir-ikisində minimal artım əldə edərək, onu ümumi “uğur” kimi təqdim edir. Əslində isə universitetin öz tədqiqat bazası, patent sayı, məzunların məşğulluğu kimi əsas sahələrdə ciddi inkişaf yoxdur. Bu, ictimaiyyətdə yanlış təsəvvür yaradır və təhsildə hesabatlılıq prinsipini pozur”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top