Modelyerin atasını öldürənlərin məhkəməsi başladı — FOTO

GÜNDƏM 19 okt 2023, 17:18
Bakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baş tutan iclas səs-küylə başlayıb. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərin ünvanına ittihamlar səsləndiriblər.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Mustafa Zeynalov ali təhsilidir, hüquqşünasdır, ailəli olsa da, rəsmi nikahı yoxdur.

Müəyyən edilib ki, əvvəllər polisdə işlədiyi dövrdə məhkum olunub və 5 il cəza alıb. 

Digər təqsirləndirilən Namiq Əliyev də ali təhsillidir. Namiq Əliyev isə bankda şöbə rəhbəri işləyib. O, həmçinin dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.

Daha sonra zərərçəkmiş Kamran Bəkirovun hüquqi varisi, qızı Elnarə Bəkirovanın da anket məlumatları dəqiqləşdirilib. 

Mustafa Zeynalov deyib ki, onun öz vəkili var, hazırda prosesdə iştirak etmir. Hər iki təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin olunan vəkillərin müdafiəsindən imtina ediblər. 

Zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili prosesin təxirə salınmasına etiraz edib. Prokuror Ziya Mansurov da buna etiraz edib.

Hakimlər təqsirləndirilən şəxslərin şifahi vəsatətlərin təmin ediblər. Məhkəmənin hazırlıq  iclası noyabrın 2-dək təxirə salınıb.

İttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib. 

İstintaq sənədlərinə görə, bu ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. 

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. 
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib. 

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.



Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top