Suqovuşanda tibbi aksiya keçiriləcək

SOSİAL 17 oktyabr 2025, 08:51
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Avtomobil Səyyar Klinikası Suqovuşan kəndində, azad olunmuş ərazilərdə tibbi aksiya keçirəcək.

Demokrat.az xəbər verir ki, aksiyanın əsas məqsədi azad olunmuş torpaqlarda yaşayan və tibbi xidmətlərə çıxış imkanları məhdud əhalinin göz sağlamlığının qorunmasıdır. Tədbir çərçivəsində oftalmoloji müayinələr aparılacaq, görmə ilə bağlı problemlərin vaxtında aşkarlanması və mümkün hallarda ilkin müalicəsi təmin ediləcək. Müayinələr zamanı aşkarlanan ağır xəstəlik halları isə daha geniş diaqnostika və müalicə imkanlarının mövcud olduğu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcək.

Müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş Avtomobil Səyyar Klinikası 2005-ci ildən fəaliyyət göstərir. Bu klinikanın yaradılmasında əsas məqsəd əhalinin vaxt itirmədən, yaşadığı bölgələrdə keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaratmaqdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi illərdir ölkənin müxtəlif regionlarında humanitar tibbi aksiyalar həyata keçirir və bu tədbirlərin sayı ildən-ilə artır. Mərkəzin bütün filialları ən müasir texnologiyalarla təmin olunub, burada təcrübəli və beynəlxalq təlimlər keçmiş həkim-oftalmoloqlar fəaliyyət göstərir.

Bundan əlavə, səyyar xidmətlərin daha da genişləndirilməsi məqsədilə 2018-ci ildən etibarən Dəmiryolu Səyyar Klinikası da əhaliyə xidmət göstərməyə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 oktyabr 2025, 08:45
17 oktyabr 2025, 08:30
Top