Lənkəranda oğul anasına xəsarət yetirdi

HADİSƏ 18 may 2023, 11:16
Lənkəranda 2001-ci il təvəllüdlü Samir ailə münaqişəsi zəminində anası Natavana xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Hadisə Lənkəran rayonunun Bürcəli kəndində baş verib. 

Samir kənddə yerləşən fərdi yaşayış evində anası Natavan ilə ona dostları ilə görüşməyə icazə verməməsi səbəbindən mübahisə edib. 

Yaranmış mübahisə zamanı anasının boğaz nahiyyəsindən tutaraq sıxıb, sonra təpiklə sol ayaq nahiyyəsinə vurub. 

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. 

Samirin sözlərinə görə, evə gec gəlmələri ilə əlaqədar ara-sıra anası ilə aralarında münaqişələr olub: 

“Sonuncu dəfə hadisə baş verən günü yaşadığımız evdə olduğumuz zaman, saat 20 radələrində anamdan sosial yardım kartını istədim. Anam mənə həmin kartı verdikdən sonra dostlarımın yanına getmək istədiyimi və onların yanından gec qayıdacağımı bildirdim. Anam buna etiraz etdi. Bu səbəbdən də aramızda münaqişə baş verdi. Münaqişə zamanı anamın boğazından yapışaraq onu sıxdım. Daha sonra isə təpiklə ayağına vurdum. Həmin vaxt anam yerə yıxıldı. Bundan istifadə edərək evi tərk etdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Natavanın sözlərinə görə, hadisə günü saat 20 radələrində oğlu ona dostlarının yanına getmək istədiyini və onların yanından gec qayıdacağını bildirib:

“Samir yeganə övladım olduğu və başına hər hansı bir hadisə gəlməməsi üçün buna etiraz etdim. Bu səbəbdən də aramızda münaqişə baş verdi. Münaqişə zamanı Samir boğazımdan yapışaraq məni sıxdı. Daha sonra isə təpiklə ayağıma vurdu. Həmin vaxt yerə yıxıldım. Bundan istifadə edən Samir evi tərk etdi. Samir evdən çıxdıqdan sonra anam Gülnaza zəng etdim. Anam yanıma gəldikdən sonra başıma gələn hadisəni ona söylədim”.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Samirin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top