Maşın bazarında ajiotaj — Yeni qayda bazarı çalxalayır

AVTO 12 may 2023, 09:19
Ekspert: "Aparılan gömrük siyasəti vətəndaşı məcbur edir ki, ili köhnə, sınıq-salxaq avtomobildən əl çəkməsin"

İstehsal ili 2012-ci ildən aşağı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsindən sonra Azərbaycanda maşın bazarında xaotik vəziyyət yaranıb. İli 2012-ci ildən aşağı olan avtomobillərin qiyməti fantastik dərəcədə qalxacağına dair söhbətlər artıq reallığa çevrilir. Son 1 ayda istehsal ili 2000-2010-cu illər arasında olan avtomobillərin qiyməti təxminən 15-20 faiz artıb. Maraqlısı odur ki, indi çox adam maşın almağa da tərəddüd edir, qiymətin qarşıdakı aylarda necə olacağını gözləyir. Eyni zamanda 2012-ci ildən sonra istehsal olan maşınlar da bahalaşır.

Bir məqamı da qeyd edək ki, Azərbaycanın 4 rayonunda - Neftçala, Naxçıvan, Gəncə və Hacıqabulda avtomobil istehsal olunur (yığılıb və ya montaj olunub).

Dövlət Statistika Komitəsinin hesabatına  2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 456 ədəd minik avtomobili istehsal edilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 64,6% artıb. İstehsalda artımla bərabər anbarlarda yığılan hazır avtomobillərin sayı 2023-cü ilin ilk 2 ayındakı istehsal sayından çoxdur.

Statistik məlumatlardan da görünür ki, Azərbaycanda istehsal olunan avtomobillərə maraq azdır. Bunun əsas səbəbi kimi keyfiyyət məsələsi və avtomobil sahibi olmaq istəyənlərin daha çox hibrid, elektromobillərə maraq göstərməsidir. 

Yeri gəlmişkən, qeyd edək ki, Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni minik və yük maşınları üçün karbon qazı emissiyalarının aradan qaldırılması təşəbbüsünü təsdiqləyib. Aİ karbon tullantılarının azaldılması hədəflərini 2030-cu ilə qədər minik avtomobilləri üçün 55 faizə, yük avtomobilləri üçün isə 50 faizə yüksəltməyə razılaşıb. Aİ həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazının 100 faiz azaldılması hədəfini təsdiqləyib. Aİ-nin təşəbbüsü əslində daxili yanma mühərrikləri (ICE) dövrünün başa çatmasından xəbər verir. Agentlik bir çox avtomobil şirkətlərinin 2035-ci ilə qədər, çox güman ki, elektromobil istehsalına keçməli olacağını proqnozlaşdırıb.

Daxili yanma mühərrikli avtomobil qadağası Avropa Komissiyasının 2050-ci ilə qədər iqlimə uyğun olmayan iqtisadiyyata nail olmaq planının bir hissəsidir. Ötən il Avropa Komissiyası 2035-ci ildən elektriklə işləyən avtomobillərə tam keçidi və Avropa İttifaqında adi yanacaqla işləyən avtomobillərin istehsalına qadağa qoyulması gözlənilir.

Belə bir vaxtda Azərbaycanın 4 rayonunda daxili yanma mühərrikli avtomobil istehsalının gələcəyi çox qaranlıqdır. Digər tərəfdən də statistik məlumatlar da təsdiqləyir ki,  Azərbaycanda istehsal olunan avtomobillərə maraq olduqca azdır.

Azərbaycanın avtomobil parkında paradoksal vəziyyət yaranıb. Ölkədə istehsal olunan maşınları alıcısı yoxdur, xaricdə istehsal olunan, ili köhnə avtomobillər isə sürətlə bahalaşmaqda davam edir.

Vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır? Hökumətin atdığı addımlar, avtomobillərlə bağlı qəbul olunan qanunlar, gömrük siyasəti hansı yöndə dəyişməlidir?

Demokrat.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Yeni Müsavat"a deyib ki, Azərbaycanın avtomobil parkının 80 faizi köhnə avtomobillərdir: "Bunun 30 faizi 10 ildən yuxarı, 30-35 faizi 20 ildən yuxarı, qalanı isə istehsal ili 40 ilə qədər gedib çıxan avtomobillərdir. "Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı" işlənib. Həmin proqrama görə, köhnə avtomobillər çıxdaş olunmalı, istismarı dayandırılmalıdır. Bu proqram 4 ildir ki, müzakirə olunur. Köhnə avtomobillərin yığışdırılması üçün imkanı təzə avtomobil almağa çatanlara alternativ variant təklif olunmalıdır. Bunu etməyin yolunu Azərbaycan hökuməti tapa bilmir. Dövlət vətəndaşın əlindən köhnə avtomobili alırsa, ona alternativ təklif etməlidir. Hələ ki belə bir təklif razılaşdırılmayıb".

Ekspert deyir ki, belə təklif gömrük qiymətləri ilə bağlı ola bilər: "Məsələn, dövlət vətəndaşın köhnə avtomobilini satın alır və metalloma atır. Əvəzində isə vətəndaşa gömrük üçün birdəfəlik kupon verə bilər ki, vətəndaş həmin kuponla gedib xaricdən 10-15 min manata özünə ili təzə maşın alıb gətirə bilsin. Bu halda ondan simvolik rüsum tutulsun. Kağız və xidmət xərcləri üçün 100-200 manat tutulsun. İndiki halda vətəndaş xaricdən avtomobili 10-15 min manata alır və ölkəyə gətirəndə rüsumlarla bərabər avtomobilin qiyməti 30-45 min manata kimi qalxır. Aparılan gömrük siyasəti vətəndaş məcbur edir ki, ili köhnə, sınıq-salxaq avtomobildən əl çəkməsin. Bunun üçün vətəndaşa birdəfəlik gömrük kuponu verib ili təzə avtomobil almasına şərait yaradılsa, problem çözülər".

Ekspert deyir ki, Azərbaycanda ictimai nəqliyyat bərbad durumdadır deyə, Azərbaycan vətəndaşlarında avtomobilləşməyə maraq yaranır: "Avtobuslarda, metroda, şəhərətrafı qatarlarda daim sıxlıqdır. İctimai nəqliyyat dözülməz halda istifadəyə yararsızdır. Ona görə də Azərbaycan vətəndaşları bank kreditləri ilə, borc almaqla, hər hansı yolla avtomobil alıb vəziyyətdən çıxmağa çalışırlar. Yeni qanun isə əslində avtomobilləşmənin qarşısını almağa hesablanıb. Bu qanunu qəbul etməzdən əvvəl Azərbaycan hökuməti ölkədə ictimai nəqliyyat sistemini istifadəyə yararlı hala gətirmək üçün xərc çəkməli idi. Bunun əvəzində belə bir qanun qəbul edildi və bu  qanun avtomatik olaraq bazarda bahalaşmanı şərtləndirdi".

Ekspert deyir ki, Azərbaycan dövləti ictimai nəqliyyatı normal hala gətirməklə, vətəndaşları avtomobilləşmədən çəkindirə bilər: "Dövlət bir dəfə əsaslı xərc çəkib ictimai nəqliyyatı stansartlara uyğunlaşdırmalıdır ki, vətəndaş da işinə, evinə, bağına gedib gələ bilsin, uşağını bağçaya, məktəbə aparıb gətirə bilsin. Dövlət vətəndaşın əlindən köhnə avtomobilini alırsa, köhnə avtomobildən istifadəni məhdudlaşdırırsa, bunun alternativini təklif etməlidir".

Ekspert deyir ki, Azərbaycanda bazar iqtisadiyyatı varsa, bazarı da iştirakçılar tənzimləməlidir: "İndiki halda qanunlar elə şəkildə qəbul olunur ki, bazarda bahalaşma yaranır. Azərbaycanda istehsal olunan avtomobillərlə də vəziyyəti dəyişmək olar. Amma burada keyfiyyət məsələsi önə çıxır. Azərbaycanda yığılan maşınların fantastik qiymətləri ilə keyfiyyət arasında çox ciddi fərq var. Belə maşınları alanlar təmir sexlərinin, stansiyalarının daimi müştərilərinə çevrilirlər. Halbuki Azərbaycana tanınmış şirkətləri dəvət edib burada hibrid, elektiriklə işləyən avtomobillər istehsal etmək də mümkündür. Dövlət vətəndaşın köhnə maşınını əlindən alarkən ona ölkə daxilində istehsal edilən maşınları daha sərfəli qiymətlərlə təklif edə bilər. İndiki halda isə buna kimsə razı olmaz. Bu gün dünya üzrə tanınan avtomobil şirkətləri istehsal etdikləri avtomobillərin reklamına milyonlar xərcləyirlər. Azərbaycanda isə avtomobil istehsalçıları özlərini dünya markalarından üstün tuturlar, kimsəyə reklam vermirlər. Yəni istehsal olunan avtomobili satmaq kimi maraqları yoxdur. Sadəcə, buna dövlət layihəsi kimi baxılır. Düşünürlər ki, dövlət özü alıb idarələrə, əlillərə verəcək, vəssalam. Ona görə də ölkədə avtomobil bazarında qiymətlər qalxmaqda davam edəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top