"Azərbaycanda dini təmsilçilik şeyxülislama deyil, müftiyə ötürülməlidir"

GÜNDƏM 31 mar 2023, 16:39
"Son 3 ildə İranın Azərbaycana qarşı ilk baxışdan izahı və əsaslı səbəbi  olmayan aqressiyasını məntiqsiz görsək də, görünür qonşu dövlətin özünün xəyal etdiyi arqumentləri var. İranın Zəngəzur dəhlizi ilə bağlı bəyanatları və təzyiqləri bu qəbildəndir. Cənub qonşumuzun Azərbaycanla gərgin münasibət saxlamağının mənasız, perspektivsiz və ən əsası da onun özünün gələcəyi üçün xoşagəlməz sonluqla bitə biləcəyini anlamaması məntiqsizliklərinin ən bariz göstəricisidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. 

O qeyd edib ki, İran hakimiyyəti bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də bu, onların milli təhlükəsizliyinin qarantı ola bilər:

"Çox təəssüf ki, bugünkü İran rejimi reallıq hissini elə itirib ki, baltanı öz ayağına vurur. Bu siyasət davam edəcəyi təqdirdə, İranın başına gətirilə biləcəyi hadisələrin mexanizmini gərək öləri yaxşı anlasınlar. İran 30 ildir məscidlərimiz vasitəsilə ölkəmizə qarşı kəşfiyyat və siyasi-ideoloji təbliğat aparması üçün istifadə edib. Bu mövzuda 2010-cu ildən şəxsən mənim dəfələrlə çıxışlarım, müraciətlərim və təhlil yazılarım olub. Bir neçə il öncə hakimiyyət bu istiqamətdə müəyyən işlər görməyə çalışsa da tədbirlər yetərli olmamışdır. 

Dini Komitə rəhbərliyi bir neçə dəfə dəyişdirilsə də, dinin sağlamlaşdırılması istiqamətində atılan addımlar hələ ki, nəticə vermir. İranlı terrorçu Qasım Süleymani ABŞ xüsusi xidmət orqanları tərəfindən zərəsizləşdirilərkən, hətta Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvləri arasında onu "şəhidim" adlandırıb yas saxlayan olmuşdu. Bu rəzil insan, hətta Qasım Süleymaniyə şəhid deməyənləri təhqir də etmişdi. Bu hadisə bir çox məscidlərimizdə də təkrarlandı. İran xüsusi xidmət orqanları kəşfiyyatçılarını əsasən Qum, Məşəd və Kərbəlaya ziyarətə gedən şiə vətəndaşlarımızın içərisindən seçməklə, artıq içimizdə kifayət qədər geniş şəbəkə qura bilib.

Məlum Gəncə hadisələri bizim üçün siqnal olsa da, orada törədilən terrordan tam nəticə çıxara bilməmişik. Cəmiyyətdə bəzən bir arxayınçılıq hökm sürür və bu narahatedicidir. İran kəşfiyyatı tərəfindən ələ keçirilmiş vətəndaşlarımızdan başqa digər təhlükə inandırılmış sadə insanlarımızdır. Bu insanlar kor-koranə İran dini liderinə bağlılığı və biət etməsi təhlükənin ikinci dalğasıdır. Bəzən məndə elə təəssürat yaranır ki, cənubdan gələn bir fətva ilə meydanlara çox sayda inandırılmış tərəfdar çıxara bilərlər. Bu gün vəziyyət ortadadır və şiə kəsimli dindarlarımızla İranın manipulasiya etmək imkanlar var".

Siyasi analitik bildirib ki, Azərbaycanda əsasən iki böyük məzhəbi təmsil edən dini sistem olsa da, bu gün Qafqaz Müsəlmanları İdarəsi yalnız bir istiqamətli dini siyasət aparmaqda davam edir:

"Əgər bu gün küçəyə çıxıb sünnilərin müftisinin kim olması barədə sorğu keçirsəniz, əmin olun ki, ölkə müsəlmanlrının 50 fazini təşkil edən sünni vətəndaşlarımız onun adını bilməyəcəklər. Niyəsini isə artıq izah etməyə ehtiyac görmürəm. Bir sözlə, İranın ölkəmizin daxili işlərinə qarışması və mütəmadi hal alan terror hadisələrinin gerçəkləşməsi məhz məzhəb üzərindən ələ alınmış və ya inandırılmış vətəndaşlarımız tərəfindən gerçəkləşir. Bu faktdır və bunun qarşısının alınması barədə dəfələrlə tək mən deyil, bir çox aydınlarımız ,o cümlədən bu günlərdə şəxsinə qarşı terror hadisəsi törədilən Fazil Mustafa olmaqla danışmışıq. Bir daha xatırladıram, Qafqaz Müsəlmanları İdarəsi deqradasiyaya uğradığı üçün bu qurum ləğv edilməlidir. Dini idarəçilik bütünlüklə dövlətin nəzarətində olan komitəyə verilməlidir. Azərbaycanda dini təmsilçilik şeyxülislama deyil, müftiyə ötürülməlidir. Bundan sonra isə məscidlərimizdə sağlamlaşdırma, optimallaşdırma və milliləşdirmə prosesi aparılmalıdır.

Bəzi dinlərin milliyətçilik üzərində yaradılaraq konkret xalqa xidmət etdiyini bilirik. Nümunə üçün xristianlığın qriqoryanlıq cərəyanını misal gətirə bilərəm. Qriqoryanlığın eyni sistem üzrə təşəkkül tapdığı üçün hay-erməni xalqına xidməti göz qabağındadır. Qriqoryanlığın gücünü onda gördük ki, alban-qıpçaq türkləri haylaşdırdı. Arazın hər iki tayına qızılbaşlar tərəfindən gətirilən və güclü təriqət formasında meydana çıxan bu cərəyan 500 ildir şiəlik üzərindən türkləri farlaşdırmağa xidmət etməkdədir. İran milliyətçiliyi ilə hopdurulmuş şiədən milli vətəndaş yetişməz. Ölkə əhalisinin yarısını təşkil edən sünnülərə mütləq dominantlıq verib şiəliyi əzdirərək onlara revanş verilməsi də yanlış olar. Növbəti mərhələdə isə məzhəblər qadağan olunaraq tək tanrı və tək din formatına keçilməlidir".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top