Azərbaycan ABŞ və Rusiyanın rəqabətindən istifadə etməlidir — AÇIQLAMA

SİYASƏT 27 mar 2023, 15:27
"Son vaxtlar həm Rusiyanın, həm də ABŞ-ın bir-birini hədələyən bəyanatları artıb. Hazırda Qərb və Rusiya Cənubi Qafqaz uğrunda mübarizə aparır. 44 günlük Vətən müharibəsinə qədər bu münaqişə özünü Qarabağdakı gərginlikdə də göstərirdi. Onlar çalışırdılar ki, münaqişə uzun müddət davam etsin və "düyünlər açılmasın". Amma 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra yeni reallıqlar yaratdı. Yeni reallıqlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını diktə edir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında analitik-siyasi ekspert Kənan Novruzov bildirib. 

Onun sözlərinə görə, ABŞ və Rusiya indi sülh müqaviləsi "kartından" istifadə edirlər: 

"Amma iki supergücün heç biri Azərbaycana münasibətdə səmimi deyil. Əgər səmimi olsaydılar, 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri kimi failiyyət göstərdiyi müddət ərzində problemi çoxdan həll edərdilər. Bu qrupun o vaxt kifayət qədər təsir mexanizmi vardı. Əgər Vaşinqton və Moskva həmin imkanlardan istifadə etsəydilər, heç 44 günlük Vətən müharibəsinə də ehtiyac qalmazdı. Amma onları düşündürən Cənubi Qafqazdakı sabitlik deyil. Onların istədikləri regiondakı təsir güclərini möhkəmləndirməkdir. Biz bu cür bəyanatlara bənd olmamalıyıq. Azərbaycan ABŞ və Rusiyanın rəqabətindən öz maraqları üçün istifadə etməlidir. Çünki, bu rəqabət ortaya yeni imkanlar çıxarır. Hər iki ölkə qabağa düşmək üçün müxtəlif vədlər verir. Bu isə yeni perspektivlər yaradır. Amma heç bir halda nə Rusiyanın, nə də ABŞ-ın regionda həlledici təsir gücünün yaranmasına imkan verməməliyik. Elə etməliyik ki, gələcəkdə Vaşinqton və yaxud Moskva öz şərtlərini diktə edə bilməsin. Sadəcə Azərbaycan diplomatiyası rəqabətdən öz xeyrinə istifadə etməlidir".


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top