“İran hakimiyyətinin terrora görə hələ də Azərbaycandan üzr istəməməsi onun mahiyyətini ortaya qoyur”

GÜNDƏM 31 yan 2023, 14:12
"Tehrandakı Azərbaycan Səfirliyi fəaliyyətini artıq tamamilə dayandırıb. Hadisələrin bundan sonrakı inkişafı İran rəhbərliyinin atacağı addımlardan asılı olacaq. Təbii ki, İran bizim qonşumuzdur, orada bizim onmilyonlarla soydaşımız yaşayır və biz Tehranda Səfirliyimizin olmasında, normal münasibətlərimizin formalaşmasında çox maraqlıyıq. Ancaq İran hakimiyyəti ilk növbədə  diplomatik nümayəndəliyimizin normal fəaliyyət göstərməsi üçün şərait yaratmalı və təhlükəsizliyə tam təminat verməlidir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. 



Partiya sədri əlavə edib ki, terror aktını hazırlayan və icra edən cinayətkarlar haqqında ən qısa müddətdə kəskin cəza tədbirləri görülməlidir:

"Əgər bunlar baş verməsə və İran hakimiyyəti terror çağırışları ilə çıxış edənlərə yenə də “səbrlə” yanaşmaqda davam etsə, Azərbaycan hakimiyyəti tərəfindən ən kəskin addımlar atılmalıdır. İnanıram ki, İran rəsmiləri işin bu həddə gəlib çatmaması üçün əllərindən gələni edəcəklər. İran hakimiyyətinin törədilən qanlı terror aktına görə, Azərbaycan xalqından, dövlətindən hələ də üzr istəməməsi onun mahiyyətini ortaya qoyur. 

Normal dövlətlər bu cür hadisə baş verdikdən dərhal sonra qətlə yetirilmiş diplomatın təmsil etdiyi dövlətdən və doğmalarından üzr istəyir və hər cür maddi və mənəvi dəstəyə hazır olduqlarını bəyan edirlər. İran hələ ki, sivil dünyada qəbul olunan bu yolu tutmaq istəmir. 

Təəssüf ki, İran rəsmiləri bəzi hallarda “orta əsrlər” üçün xarakterik olan davranışlar sərgiləməkdən, bəyanatlar səsləndirməkdən çəkinmirlər. Nəzərə almırlar ki, dünya son illər çox dəyişib və İran da bu proseslərə “ayaq uydurmaq”, normal dövlətə çevrilmək məcburiyyətindədir.  

Ümid edək ki, normallaşma prosesi nəhayət başlayacaq və çox uzun çəkməyəcək".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top