“Mənim deputatlıq yolumu Vasif Talıbov bağladı — O, Rza İbadovu seçdirdi”

GÜNDƏM 30 dek 2022, 10:40
“1995-ci ildə Azərbaycan Milli Məclisinə yolumu Vasif Talıbov bağladı...”.

Modern.az xəbər verir ki, bu fikirləri Naxçıvan MR Ali Məclisi sədrinin keçmiş müşaviri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

“Naxçıvan Ali Məclisi sədrinin müşaviri vəzifəsini daşıyırdım, 4 saylı Babək-Şahbuz seçki dairəsindən (indiki 5 saylı Babək-Şahbuz seçki dairəsi) Azərbaycan Milli Məclisi üzvlüyünə namizədliyimi irəli sürdüm. Həm Naxçıvan Ali Məclisində işlədiyimə, həm də Naxçıvan televiziyasında siyasi şərhlər verdiyimə, eləcə də ümumi Azərbaycan mediasında mütəmadi çıxışlar etdiyimə görə az-çox tanınırdım. Babək və Şahbuz rayonlarının 60-a yaxın kəndində seçicilərlə canlı görüşlər keçirdik, çox fəal kampaniya apardıq. 9 namizəd - iddiaçı idik”,- deyə o qeyd edib.

Aydın Quliyevin sözlərinə görə, Naxçıvan MR Baş nazirinin müavini Vasif Talıbov bütün imlanlarla Rza İbadovun həmin dairədən deputat seçilməsinə çalışıb və buna nail olub:

“O zamankı seçki qaydalarına görə, seçki ikinci mərhələyə də qala bilirdi. İlk səsvermə dəqiqələrindən məlum oldu ki, bütün icra orqanlarına Rza İbadovun qələbəsini təmin etmək tapşırığı verilib. Buna baxmayaraq, Rza ilk turda yetərli səs toplaya bilmədi. Səs sayına görə Rza 1-ci, Hacı İbrahim Nehrəmli 2-ci, mən isə 3-cü yeri tutduq. Hacı İbrahim ikinci turdan imtina etdi. Qanuna görə, ikinci tura mənimlə Rza İbadov qalmalı idik. Rza məni 2-ci turda iştiraka razı salmaq üçün hər şey etməyə hazır idi. Ancaq dedim ki, mən nəticəsi bəribaşdan bəlli olan seçkiyə qatılmaq və kiməsə belə qələbənin qürurunu yaşatmaq istəmirəm. Beləliklə, hamı Rza İbadovla seçkiyə rəqib kimi qatılmaqdan imtina etdiyi üçün onunla ikinci tura 9-cu yeri tutmuş - o zaman Şahbuz rayon İcra Hakimiyyətində işləyən bir məmur xanımı razı sala bildilər. Qanuna görə, ikinci tura rəqib kimi heç kim qalmasaydı, birinci mərhələnin yekunları ümumiyyətlə ləğv olunmalı idi. Beləliklə, işləri düzüb-qoşaraq Rza İbadovu deputat seçdirdilər. Bütün bu proseslərin "dahiyanə təşkilatçısı" isə o zaman Naxçıvan Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə müavini Vasif Talıbov oldu...”.
 

A.Quliyev deyib ki, seçkilərdən sonra Vasif Talıbovdan ona əngəl yaratmasının səbəinin soruşub:

“Soruşdum ki, niyə mənə maneələr yaradıldı, bunu öncədən də demək olardı ki, seçkiyə qatılma. Cavabı belə oldu – “sənə deyilsə ki, iclasların birində Milli Məclisin sədrini kəskin tənqid etmək lazımdır, edəcəkdinmi?”.  Dedim axı, Milli Məclisin sədri Heydər Əliyevin komandasında ikinci şəxsdir, niyə “vurulmalıdır” ki? Dedi, “bax görürsən, sən suallar verirsən, ancaq Rza sual vermir və icra edir...".
Vasif Talıbovun məndən önə çıxardığı Rza İbadovun sonrakı taleyini isə yəqin ki, bilirsiniz...”.

Baş redaktorun sözlərinə görə, elə o vaxtdan uzun illər parlament seçkilərinə yaxın getməyib, ikinci və son dəfə isə 2005-ci ildə seçkiyə qatılıb və kənarda qalandan sonra bununla da karyerasında seçki səhifəsini bağlayıb...

“Ancaq yenə də Talıbova münasibətdə qisasçılıq hisləri ilə yaşamıram...  Tanrının bəxş etdiyi şəxsi keyfiyətlərimə söykənib yorulmadan yoluma davam edirəm...”.
 
Aydın Quliyev 1998-ci ildədək Naxçıvan Dövlət Plan Komitəsində, Naxçıvan Dövlət Universitetində, sonra Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, şöbə müdiri vəzifələrində çalışıb.
2001-ci ildən "Hürriyyət" qəzetində baş redaktor işləyib, 2003-cü ildən isə "Bakı-Xəbər" qəzetini yaradaraq ona rəhbərlik edir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

Aydın Quliyev 1992–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olub, sonra isə Demokratik Azərbaycan Partiyasını təsis edib.

1998-ci ildə Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşib və Aydın Quliyev  ADP-çi olub.

2005-ci il parlament seçkiləri dövründə Rəsul Quliyevin Azərbaycana qayıtması planının uğursuzluqla nəticələnməsindən sonra ADP daxilində münaqişə yaranıb. Aydın Quliyev və Sərdar Cəlaloğlu bu münaqişədə əsas iştirakçılar olub. 2005-ci ilin dekabrında ADP Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında Aydın Quliyevin partiya sıralarından çıxarılmasına qərar verilib. 

Rza İbadov 1995-2000-ci illərdə I çağırış Milli Məclisin deputatı olub. O, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının rəhbəri idi. Milli Məclisdə deputat olduğu dönəmdə eks-spiker Rəsul Quliyevə qarşı sərt tənqidləri ilə fərqlənib.

2005-ci ildə yenidən parlament seçkilərinə qatılan Rza İbadov qalmaqallı kampaniyası ilə yadda qalıb. Rəqibi olan ARDNŞ-in o vaxtkı prezidenti Rövnəq Abdullayevlə yarışan eks-deputat seçki kampaniyasının pozulduğunu əsas gətirərək seçki marafonunu yarımçıq qoyumuşdu.

O, 2005-ci ildən sonra Azərbaycanı tərk edərək İngiltərəyə köçüb. 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilib. Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilmişdi. 

27 oktyabr 2015-ci il tarixində Rza İbadov barəsindəki cinayət işinə xitam verilib. Ondan sonra sabiq deputat bir neçə dəfə vətəni ziyarət edib.

Rza İbadov Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub, hazırda İngiltərədə yaşayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top