“8-ci kilometr” bazarında qanlı dava: Göyərti satan oğlan arabaçıya xəsarət yetirdi

KRİMİNAL 22 dek 2022, 13:28
Bakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Sərdar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Orxana xəsarət yetirib. 

Demokrat.az
-ln əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 3-də baş verib. Sərdar həmin gün  səhər saatlarında fəhlə işlədiyi “8-ci kilometr” bazarında əvvəllər tanıdığı, eyni bazarda fəhlə işləyən Orxana naməlum yaşlı qadınla mübahisə etdiyinə görə irad bildirib. Onların arasında mübahisə yaranıb və mübahisə zamanı Sərdar özündə olan cib bıçağı ilə Orxanın bel nahiyəsindən vurub. 

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, “8-ci kilometr” bazarında fəhləlik edir, göyərti bağlamaqla məşğul olub və çörək pulu qazanır: “Orxan da bazara işləməyə gələndən tanıyıram. Orxan bazarda arabaçı işləyir. Orxanla münasibətim həmişə normal olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 2-də gecə yemək yeyən zaman tək 0,5 litr spirtli içki araq qəbul edib: “Aprelin 3-də, səhər yuxudan ayılanda sərxoş olduğumdan başı ağrıdığım üçün 0,5 litr pivə içdim. Səhər saatlarında bazarda olan zaman Orxanın tanımadığım bir qadınla mübahisə etdiyini gördüm və ona yaxınlaşdım. Orxana qoca qadınla nə işi olduğunu soruşdum. Dedim ki, elə bil, mən də həmin qadının oğluyam, nə sözün varsa mənə de. Bunu deyəndən sonra Orxanın üz nahiyəsindən bir dəfə şillə ilə vurdum. Ətrafda olan şəxslər bizi ayırdılar”. 

Sərdar qeyd edib ki, təxminən bir saatdan sonra Orxanla yenidən rastlaşıblar: “Bu zaman Orxan qolumdan tutaraq söyüş söydü. Buna görə aramızda mübahisə yarandı. Məni hamının yanında söydüyünə görə, Orxana əsəbləşdim. Cibində olan işdə istifadə etmək üçün üzərimdə saxladığım qatlanan bıçağı çıxardım və bir dəfə Orxanın sol böyür hissəsindən vurdum. Sonra aralanaraq əlimdə olan bıçağı Orxanın üstünə atdım. Bıçaq yerə düşdükdən sonra Orxan bıçağı götürdü və mənim başımın sağ yan hissəsindən bir dəfə vurdu. Ətrafda olan xatırlamadığım şəxslər bizi ayırdılar. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlidi və hər ikimizi Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə apardılar. Orada təcili tibbi yardım çağırıldı və təcili tibbi yardım briqadası bizi 3 saylı şəhər kliniki xəstəxanasına apardı. Orxan xəstəxanada qaldı. Mənə isə ilk tibbi yardım göstərildikdən sonra evə buraxıldım”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərdar 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Sərdarın cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. 

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, apellyasiya şikayəti təmin edilib. 

Sərdarın cəzası 3 il 6 aya endirilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top