“Biz erməni şairlərinin, gənc yazarlarının əsərlərini çap etməliyik” — Tural Turan

GÜNDƏM 24 noy 2022, 23:30
“Əgər düşməni məğlub etmək istəyirsənsə və ya onunla dostlaşmağı düşünürsənsə, qarşı tərəfə mədəniyyətlə, şeirlə, nəsrlə yaxınlaşmalısan. Ermənistanın mədəniyyət adamları Azərbaycan şairlərinin şeirlərini çap etməklə, bu dəfə də bizi qabaqladılar. Onlar özlərini dünya mediasında sülhə əl uzadan ilk tərəf kimi göstərə bildilər. Ermənistan tərəfi deməyə çalışdı ki, biz sülh olmasında maraqlıyıq və ona görə də, Azərbaycan şairlərinin şeirlərini çap edirik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında şair Tural Turan deyib. 

 “Hətta, 30 illik işğal dövründə onlar S.Vurğunun, M.Ə.Sabirin şeirlərini dərsliklərə salmışdılar. Düzdür, burada fərqli məsələlər var idi. Amma deyirdilər ki, biz onların köhnə şairələrini də dərsliklərə salırıq. Dəfələrlə təklif etmişəm ki, biz onların şairlərinin, gənc yazarlarının əsərlərini çap etməliyik. Hətta, əgər indi İrəvanda, Bakıda onlarla görüş mümkün deyilsə, Tbilisidə, Ankarada görüşə bilərik".

"Eyni zamanda, bir ara xalq diplomatiyası məşhur idi. Azərbaycandan və Ermənistandan nümayəndələr gəlirdi. Biz bu məsələdə şairləri də cəlb edə bilərdik. Təəssüf ki, mənim dəfələrlə sosial media və saytlar üzərindən çağırışlarıma Yazıçılar Birliyindən məhəl qoymadılar, üzərinə getmədilər. Çünki bu onlara sərf etmir. Onlara ancaq quru tədbir keçirtmək, şəkil çəkdirmək, foto paylaşmaq və s. bu kimi yüngül xarakterli formal aktivliklər lazımdır. Onu deyə bilərəm ki, istənilən halda Ermənistanda da istedadlı yazıçılar var. Hətta, onlarda istedadlı nümayəndələr o qədər çoxdur ki, Hollivuda ssenarist belə göndəriblər. Bəzi erməni yazarlarının Fransada, Polşada əsərləri çap olunur. Onlar Azərbaycanın “mənəm-mənəm” deyən yazıçısından, Anardan, Çingiz Abdullayevdən daha çox məşhurdurlar Avropada. Düşünürəm ki, biz tək Ermənistanla yox, eyni zamanda Gürcüstanla, İranla, Türkiyə ilə və digər qonşu ölkələrlə sıx şəkildə işləməliyik. Ona görə də, bu məsələlər normal baxıram. Şairlər və yazıçılar xalqlar arasında nifrət hissini aradan qaldırmalıdır".

Nəzrin  
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top